İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə sərt mövqeyi ilə tanınan siyasətçi Səid Cəlilinin təyin oluna biləcəyi güman edilir.
Sitat.info xəbər verir ki, İranda bu ehtimalla bağlı sosial mediada çoxsaylı paylaşımlar edilib və mövzu geniş müzakirəyə səbəb olub. Bəzi istifadəçilər qeyd edirlər ki, Cəlilinin bu vəzifəyə gətirilməsi İranın ABŞ ilə mümkün danışıqlar və kompromis ehtimalını azalda bilər.
Onların fikrincə, belə bir təyinat ölkənin “güzəşt yoxdur” xəttinin daha da sərtləşməsi anlamına gələ bilər. Digər tərəfdən, Laricaninin Qərb ölkələri ilə dialoq aparmaq bacarığı ilə seçildiyi vurğulanır.
Qeyd edək ki, Cəlili 2007–2013-cü illərdə də Ali Milli Təhlükəsizlik Şurasının katibi olub və eyni zamanda İranın nüvə danışıqları üzrə baş nümayəndəsi kimi fəaliyyət göstərib.
Nigar,
Sitat.info