Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Arif Kərəmovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Sitat.info-nun Pravda.az-a istinadən məlumatına görə, hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.
İttihama əsasən, təqsirləndirilən şəxs tanışı olan zərərçəkmiş Məleykə Vəliyevanı (adı, soyadı şərtidir) Elm və Təhsil Nazirliyində mütəxəssis vəzifəsinə işə qəbul olunmasına köməklik göstərəcəyi barədə yalan vəd verib. O, özünü yüksək vəzifəli şəxslərlə yaxın əlaqələri olan biri kimi təqdim edərək bu vasitə ilə məsələni həll etmək imkanına malik olduğunu bildirib.
Araşdırmalarla müəyyən edilib ki, Arif Kərəmov 2022-ci ilin aprel ayının ortalarında paytaxtın Binəqədi rayonu ərazisində yerləşən dərzixanada zərərçəkmiş Məleykə Vəliyevadan 5 000 manat, həmin ayın sonlarında isə eyni məkanda əlavə 5 500 manat pul vəsaiti alıb. Beləliklə, o, ümumilikdə 10 500 manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurub.
Məhkəmə iclasında Arif Kərəmov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxslə baldızı vasitəsilə tanış olub. Bildirib ki, 2022-ci ilin mart ayında aralarında söhbət zamanı Məleykə Vəliyeva Təhsil Nazirliyində işə düzəlmək istədiyini deyib və ondan bu məsələdə köməklik göstərməsini xahiş edib.
Təqsirləndirilən şəxs qeyd edib ki, əvvəllər Yasamal Rayon İcra Hakimiyyəti başçının köməkçisi vəzifədə çalışdığı üçün zərərçəkmiş şəxs onun müəyyən əlaqələrinin olduğunu düşünüb. O isə hər hansı tanışlarının köməyi ilə bu məsələni həll edə biləcəyini ehtimal edərək Məleykədən pul alıb. 2022-ci ilin aprel ayında iki hissə ilə ümumilikdə 10 500 manat pulu Binəqədi rayonunda yerləşən dərzi dükanında qəbul edib, həmçinin bir sıra sənədlər də götürüb.
Lakin sonradan vədini yerinə yetirə bilməyib. İfadəsinə görə, aldığı pul vəsaitini şəxsi ehtiyaclarına xərcləyib. Müəyyən müddət keçdikdən sonra zərərçəkmiş şəxs ondan işin nəticəsi ilə bağlı məlumat tələb edib, məsələ həll olunmadıqda isə pulunu geri istəyib. Arif indiyədək 10 000 manatın 8 000 manatını qaytardığını, qalan hissəni də ödəyəcəyini bildirib.
Məhkəmədə ifadə verən zərərçəkmiş Məleykə Vəliyeva isə təqsirləndirilən şəxsi əvvəllər yaşadığı binadan qonşu kimi tanıdığını deyib. Onun sözlərinə görə, Arifin baldızı ilə yaxın münasibətləri olub və məhz onun vasitəsilə bu tanışlıq yaranıb.
Zərərçəkmiş şəxs bildirib ki, 2022-ci ilin aprel ayının əvvəlində Arifin baldızı ilə söhbət zamanı Elm və Təhsil Nazirliyində işləmək istədiyini deyib və ona təqsirləndirilən şəxs tövsiyə olunub. Bir neçə gün sonra dərzixanada keçirilən görüş zamanı Arif bu məsələdə köməklik göstərə biləcəyini söyləyib və müəyyən müddət ərzində nəticə əldə olunacağını vəd edib.
Məleykənin sözlərinə görə, əvvəlcə 5 000 manat, bir neçə gün sonra isə əlavə 5 000 manat pulu təqsirləndirilən şəxsə verib. Pul vəsaitini təqdim edərkən iş həll olunmadan həmin məbləğin başqasına verilməməsini xahiş etsə də, Arif onu arxayınlaşdırıb.
Lakin vəd edilən müddətdə heç bir nəticə əldə olunmayıb. Bundan sonra zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə əlaqə saxlayaraq aldadıldığını bildirib və hüquq-mühafizə orqanlarına müraciət edib.
Məleykə vurğulayıb ki, hazıradək ona dəymiş ziyanın yalnız 8 000 manatı ödənilib və o, təqsirləndirilən şəxsdən şikayətçidir.