Azərbaycanda dövlət satınalmaları və tender prosesləri tez-tez ictimai müzakirə mövzusuna çevrilir. Xüsusilə bəzi hallarda kiçik nizamnamə kapitalına malik şirkətlərin iri məbləğli layihələrin qalibi olması suallar doğurur. Bu kimi hallar həm şəffaflıq, həm də maliyyə dayanıqlığı baxımından narahatlıq yaradır. Ekspertlər hesab edir ki, tenderlərdə iştirak edən şirkətlərin real imkanları daha ciddi şəkildə qiymətləndirilməlidir.
Bu barədə Sitat.info-ya danışan hüquqşünas Əkrəm Həsənov bildirdi ki, burada söhbət qanun pozuntusundan yox, şirkətin etibarlılığı məsələsindən gedir: "Ümumilikdə yanaşdıqda, burada birbaşa qanun pozuntusu görünmür. Dünyada geniş yayılmış praktikaya görə, şirkətlərin nizamnamə kapitalı adətən böyük məbləğdə olmur. Bəs nizamnamə kapitalı nədir? Bu, şirkətin təsisçilərinin (payçılarının) əvvəlcədən qoyduğu vəsaitdir. Hazırda bu sahə ilə bağlı ölkəmizdə ciddi tələblər mövcud deyil. Nizamnamə kapitalına dair yeni qanun layihəsi hazırlanıb və orada müəyyən məhdudiyyətlərin nəzərdə tutulduğu deyilir, lakin hələlik həmin qanun qüvvədə deyil. Əslində məsələ təkcə nizamnamə kapitalının məbləği ilə bağlı deyil. Daha vacib sual budur: tenderdə iştirak edən şirkət öhdəliklərini hansı maliyyə mənbələri hesabına yerinə yetirəcək? Əgər bir şirkətin nizamnamə kapitalı cəmi 10 manatdırsa, tenderi keçirən qurum maraqlanmalıdır ki, layihənin xərclərini necə qarşılayacaq, işçilərin maaşlarını hansı vəsaitlə ödəyəcək".
Ekspert bildirdi ki, şirkət tenderi icra etmək qabiliyyətində olduğunu sübut etməlidir: "Burada iki əsas məqam var: şirkətin əvvəlki fəaliyyəti və tender üzrə öhdəliklərini icra etmək imkanları. Şirkət göstərməlidir ki, bu işi necə və hansı maliyyə ilə həyata keçirəcək. Əgər öz vəsaiti azdırsa, alternativ mənbələri əsaslandırmalıdır. Bu, ya yüksək mənfəət hesabına ola bilər – bu halda mühasibat balansı təqdim edilməlidir – ya da kredit və digər maliyyə mənbələri ilə təmin olunur ki, bu da sənədlərlə sübut edilməlidir.
Tenderi təşkil edən qurum bu cür maliyyə sənədlərini tələb etməlidir. Əgər şirkətin öz vəsaiti yoxdursa, onun fəaliyyətini hansı mənbələr hesabına qurduğu aydınlaşdırılmalıdır. Təəssüf ki, praktikada çox vaxt bu tələblərə əməl edilmir ki, bu da artıq ciddi pozuntu hesab oluna bilər.
Məsələn, nizamnamə kapitalı cəmi 10 manat olan bir şirkət 500 min manatlıq tenderin qalibi olur. Bu zaman haqlı olaraq sual yaranır: bu şirkətin neçə işçisi var, əməkhaqqını necə ödəyir və ümumiyyətlə, belə bir layihəni həyata keçirmək üçün real imkanları varmı? Tender iştirakçısı bütün bunları sənədlərlə əsaslandırmalı və öz imkanlarını aydın şəkildə ortaya qoymalıdır".
Aytac,
Sitat.info