Otel, A-frame, yoxsa kənd evi - Daha rahat və sərfəli istirahət hansıdır?

14:20 3 İyun 2026

 Yay mövsümünün başlaması ilə Azərbaycanın turistik bölgələrinə üz tutanların sayı artır. Xüsusən də quru sərhədlərin bağlı olması və AZAL biletlərinin bahalığı insanları ölkə içində turistik bölgələrdə dincəlməyə sövq edir.

İsmayıllı, Qəbələ, Quba, Qusar, Şəki, Qax, Masallı, Lənkəran, Lerik kimi rayonlarda istirahət etmək istəyənlərin əsas seçimləri arasındadır. Araşdırmamız göstərdi ki, eyni bölgədə istirahətin qiyməti seçilən yerləşmə növündən asılı olaraq 2-3 dəfə fərqlənə bilər.

İki nəfərlik istirahət

Turistik rayonlarda orta səviyyəli hotellərdə iki nəfərin bir gecə qalması adətən 80-150 manat arasında dəyişir. Dördulduzlu hotellərdə qiymətlər əsasən bu aralıqdadır, beşulduzlu hotellərdə isə daha yüksək olur.

Son illərin ən populyar istirahət formatlarından biri olan A-frame evlərdə isə iki nəfərlik gecələmə üçün qiymətlər əksər hallarda 180-350 manat təşkil edir. Hovuzlu və dağ mənzərəli evlərdə qiymətlər daha yüksəkdir. A-frame-lərdə 4-6 və daha çox yataq, eləcə də mətbəx olduğundan  belə evlər adətən böyük ailələrin və  ya turist qruplarının istirahəti üçün həm gecələmə, həm də qidalanma baxımından sərfəli olur. 

Fərdi evlər və villalar isə daha uyğun büdcəli seçim sayılır. Qəbələ və Quba kimi bölgələrdə 2 nəfərdən 6 nəfərə qədər turistin qala biləcəyi evləri gündəlik 60-120 manata tapmaq mümkündür.

Dörd nəfərlik istirahət

Dörd nəfərlik ailə və ya dost qrupu üçün hotellərdə iki otaq tələb olunduğundan xərclər artır. Bu halda bir gecəlik xərc 180-300 manata çata bilir.

A-frame evlər isə daha çox 4-6 nəfərlik qruplar üçün nəzərdə tutulduğundan qiymət baxımından sərfəli görünür. Belə evlərin qiymətləri əsasən 250-450 manat arasında dəyişir.

Fərdi evlərdə isə dörd nəfərlik qrupun gecələməsi orta hesabla 60-100 manata, villa olarsa 150-200 manata başa gəlir. Bu adətən iki ailənin birgə istirahəti zamanı uyğun variantdır və qonaq sayı 10 nəfərə qədər nəzərdə tutula bilər. Bu səbəbdən ailələr daha çox bu variantı seçirlər.

Hansı seçim daha sərfəlidir?

Qiymət baxımından ən sərfəli variant fərdi evlər hesab olunur. Xüsusilə 4 nəfərlik ailələr və dost qrupları üçün bu seçim otellərdən daha ucuz başa gəlir.

A-frame evlər komfort, hovuz, mənzərə, məxfilik və fərqli istirahət təcrübəsi təqdim etdiyinə görə son illərdə daha çox tələb görür. Bununla yanaşı, qiymətləri də digər variantlardan yüksəkdir.

Otellər isə restoran, spa, hovuz və digər xidmətlər, eləcə də səhər yeməyi  təqdim etdiyindən rahatlıq axtaran turistlərin seçimi olaraq qalır. Lakin böyük qruplar üçün çox vaxt ən bahalı variant məhz hotellər olur.

Mütəxəssislər hesab edir ki, məhdud büdcə ilə səyahət edənlər üçün fərdi evlər, rahatlıq və əlavə xidmətlərə üstünlük verənlər üçün isə hotellər və A-frame evlər daha uyğun seçimdir.

Qidalanmaya gəlincə, 2 nəfərlik istirahətlərdə otel və restoranlar, böyük qruplarla və ailəvi istirahətlərdə fərdi evlər  və A-frame evlər daha sərfəlidir. Çünki burada samovar, manqal, mətbəxtdə yemək bişirmək üçün şərait imkan verir ki, gündə 3 dəfə qidalanma minimal qiymətlərlə başa gəlir.  

Ümumiləşdirsək, həm otel standartlarında şərait, həm fərdi hovuz, həm də gözdən uzaq sakit istirahət və sərfəli qidalanma, özəlliklə böyük ailələr və turist qrupları üçün A-frame əvəzolunmazdır. 

Nərgiz Liftiyeva, 

Sitat.info

 



Xəbər xətti