İran və İsrail arasında gərginlik artır: Yeni eskalasiya təhlükəsi yaranıb

10:12 8 İyun 2026

İran və İsrail arasında gərginlik yenidən artmaqdadır. Məlumatlara görə, İsrailin həyata keçirdiyi hava zərbələri nəticəsində İranın Mahşəhr şəhərində yerləşən neft-kimya kompleksi hədəfə alınıb. Hadisədən sonra müəssisənin əməkdaşlarının bir hissəsinin ərazidən təxliyə edildiyi bildirilir.

Bununla yanaşı, Təbriz, Kərəc, İsfahan və paytaxt Tehran da daxil olmaqla ən azı dörd digər şəhərdə hücumlar barədə məlumatlar yayılıb. Lakin bu hadisələrin miqyası və nəticələri barədə hələlik ətraflı məlumat yoxdur.

İran tərəfinin açıqlamalarına görə, İsrailə qarşı həyata keçirilən son əməliyyatlar xəbərdarlıq xarakteri daşıyıb. İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) və digər hərbi rəsmilər baş verənləri "xəbərdarlıq atəşi" kimi qiymətləndirərək vəziyyətin nəzarət olunan eskalasiya mərhələsində olduğunu bildiriblər. Bununla belə, hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi qeyri-müəyyən olaraq qalır.

İran rəsmiləri ABŞ-la aparılan danışıqlar dövründə dəfələrlə regionda, xüsusilə də Livanda atəşkəsin təmin edilməsinin vacibliyini vurğulayıblar. Tehran bəyan edir ki, İsrail Livan ərazisinə, xüsusilə Beyrutun Dahiya bölgəsinə hücumlarını davam etdirərsə, buna cavab veriləcək.

Eyni zamanda, İran tərəfi İsrailin mümkün yeni hücumları barədə də xəbərdarlıq edərək belə bir halda sərt və dağıdıcı cavab veriləcəyini bəyan edib.

Müşahidəçilər hesab edirlər ki, bölgədə vəziyyət son dərəcə həssas və kövrək olaraq qalır. Qısa müddət davam edən atəşkəsdən sonra tərəflərin yenidən qarşıdurma həddinə yaxınlaşdığı və yeni eskalasiya riskinin artdığı qeyd olunur.

Nigar,

Sitat.info 



Xəbər xətti