Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilir? - RƏSMİ AÇIQLAMA

22:24 30 İyun 2026

Azərbaycanda hormonlu broyler toyuqları yetişdirilməsi iddiaları həqiqəti əks etdirmir.

 Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Trend-ə və "Xəzər TV" televiziya kanalına birgə müsahibəsində deyib.

 

 

"Bəzi hallarda kütləvi informasiya vasitələrində belə bir fikir formalaşdırmağa çalışırlar ki, guya Azərbaycanın quşçuluq sənayesində istehsal olunan məhsulların keyfiyyət və təhlükəsizlik göstəricilərində problemlər mövcuddur. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu, həqiqəti əks etdirmir. İlk növbədə qeyd etmək istəyirəm ki, həmin müəssisələr üzərində dövlət nəzarəti həyata keçirilir. İkinci vacib məqam isə ondan ibarətdir ki, qida təhlükəsizliyi qanunvericiliyinin tələblərinə uyğun olaraq yem təhlükəsizliyi üzərində də dövlət nəzarəti təmin edilir. Hormonlarla yanaşı, quşların yemində və içməli suyunda antibiotiklərin tətbiqi məsələsi də vaxtaşırı gündəmə gəlir. Bu baxımdan bizim irəli sürdüyümüz "Vahid Sağlamlıq" konsepsiyasının əsas mahiyyəti ondan ibarətdir ki, yem təhlükəsizliyi təmin olunarsa, bu, eyni zamanda quş əti və yumurtanın da təhlükəsizliyinin təmin olunması deməkdir. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün quşçuluq təsərrüfatlarında dövlət nəzarəti tərəfimizdən həyata keçirilir. Bu günə qədər 100-ə yaxın quşçuluq müəssisələrində 163 dövlət nəzarəti tədbiri həyata keçirilib və 85 halda müxtəlif normativ-hüquqi aktların tələblərinin pozulması halları müəyyən edilib. Bununla yanaşı, 300-dən çox laborator ekspertizası aparmışıq. Qətiyyətlə demək istəyirəm ki, aparılan laborator müayinələr zamanı nə quş ətində, nə də yumurtada antibiotik və hormon qalıqlarının aşkarlanması faktı qeydə alınmayıb" - o bildirib.



Xəbər xətti