Prezident Tokayevə təbrik məktubu ünvanladı

Prezident Tokayevə təbrik məktubu ünvanladı
SİYASƏT 25 Oktyabr 2026 12:15

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Sitat.info xəbər verir ki, dövlət başçısı Qazaxıstan Prezidentini və qardaş Qazaxıstan xalqını milli bayram münasibətilə təbrik edib.

    Prezident İlham Əliyev məktubunda Qazaxıstanın Kasım-Jomart Tokayevin rəhbərliyi ilə hərtərəfli inkişaf etdiyini, iqtisadi potensialını gücləndirdiyini və beynəlxalq aləmdə böyük nüfuz qazandığını vurğulayıb.

    Dövlət başçısı Azərbaycanla Qazaxıstan arasında müntəzəm qarşılıqlı səfərlərin, görüşlərin və ali səviyyədə fəal dialoqun ikitərəfli münasibətlərin inkişafında, strateji tərəfdaşlığın və müttəfiqliyin möhkəmlənməsində mühüm rol oynadığını bildirib.

    Prezident İlham Əliyev Kasım-Jomart Tokayevin AQEM-in 7-ci Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana son səfərini yüksək qiymətləndirib.

    “Əminəm ki, zəngin mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından güc alan Azərbaycan-Qazaxıstan dövlətlərarası əlaqələri birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir”, – deyə təbrik məktubunda qeyd olunub.

    Azərbaycan Prezidenti həmkarına möhkəm cansağlığı, xoşbəxtlik və dövlətçilik fəaliyyətində uğurlar, Qazaxıstan xalqına isə əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.