Rusiyadan Kiyevə kütləvi hava hücumu : Polşa döyüş təyyarələrini havaya qaldırdı

09:40 2 İyul 2026

Rusiyanın Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumundan sonra Polşa ehtiyat tədbiri olaraq döyüş təyyarələrini havaya qaldırıb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın Kiyev PUA və raketlərlə həyata keçirdiyi hücumlar nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Rəsmilər bildiriblər ki, hücumlar nəticəsində çoxsaylı yaşayış binası və Kiyevin mərkəzində yerləşən bir otel alovlara bürünüb.

Hücum, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın gecə saatlarında genişmiqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlığından bir neçə saat sonra baş verib.

Bu səbəbdən Zelenski Dublinə, İrlandiyanın Aİ Şurasına sədrliyinin başlanması münasibətilə etdiyi səfəri yarımçıq kəsib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski də bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ordusuna Kiyevi ələ keçirmək məqsədilə yeni hücum əməliyyatları hazırlamaq tapşırığı verib.

Sırskinin sözlərinə görə, bu planlara Kiyev və ətraf əraziləri ələ keçirmək üçün Belarus ərazisindən başlanacaq Rusiya hücumları da daxildir.

Rusiya tərəfində isə hücumların iri ixrac obyektləri ilə neft emalı müəssisələrinin yerləşdiyi Leninqrad vilayətinə qədər çatdığı bildirilib.

Rəsmilər bölgədə hava hücumundan müdafiə sistemlərinin altı PUA-nı vurduğunu açıqlayıblar.

Nigar,

Sitat.info

 



Xəbər xətti