Livanın Baş naziri: İsraillə əldə olunan sənəd SÜLH SAZİŞİ deyil

15:14 2 İyul 2026

Livanın Baş naziri Nəvaf Salam ABŞ-ın vasitəçiliyi ilə İsraillə əldə olunan sənədin sülh sazişi deyil, gələcək danışıqların necə aparılacağını müəyyən edən ilkin razılaşma olduğunu bildirib.

Sitat.info xəbər verir ki, yerli KİV-in məlumatına görə, Salam "LBCI" telekanalına müsahibəsində "Çərçivə müqaviləsi" ifadəsinin yanlış təsəvvür yaratdığını deyib.

"Biz danışıqların istiqamətini müəyyən edən və razılığa aparan rəhbər çərçivədən danışırıq. Bu, yekun razılaşma deyil", – deyə baş nazir vurğulayıb.

Salam əlavə edib ki, Livan İsraillə danışıqlara maraq göstərmirdi, lakin iki dağıdıcı müharibə və minlərlə insanın həlak olmasından sonra bu mərhələyə gəlib çatıb.

Xatırladaq ki, İsrail və Livan cümə günü iki ölkə arasında sülh danışıqlarına zəmin yaratmaq məqsədilə ABŞ-ın dəstəklədiyi çərçivə sənədini imzalayıblar.

Bununla belə, Hizbullah hər hansı razılaşmanı tanımadığını, silahsızlaşmaq və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığını açıqlayıb.

 

Səid,

Sitat.info



Xəbər xətti