İran bu ölkələri HƏDƏLƏDİ

12:56 9 İyul 2026

ABŞ-nin İrana endirdiyi son zərbələrdən sonra Tehran rəsmiləri ard-arda sərt bəyanatlar səsləndirərək Vaşinqtonun addımlarının cavabsız qalmayacağını bildiriblər.

Sitat.info xəbər verir ki, İran dövlət televiziyasına açıqlama verən xarici işlər nazirinin müavini Kazım Qaribabadi ABŞ-ni iyunun 14-də Pakistanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın şərtlərini pozmaqda ittiham edib. O bildirib ki, imzalanan memorandum tərəflərin öhdəlikləri mərhələli şəkildə yerinə yetirməsini nəzərdə tuturdu.

Kazım Qaribabadi eyni zamanda ABŞ Prezidenti Donald Trampın İrana yönəlik son açıqlamalarını kəskin tənqid edib. Onun sözlərinə görə, İran xalqını hədəf alan bəyanatlar güc nümayişi deyil, əksinə, uzun illərdir Tehrana qarşı həyata keçirilən siyasətin nəticəsiz qalmasının göstəricisidir.

İran rəsmisi vurğulayıb ki, ABŞ-nin son addımları mütləq cavablandırılacaq.

Oxşar mövqe ilə çıxış edən İnqilab Keşikçiləri Korpusunun keçmiş komandanı, general-mayor Möhsün Rzayi də "X" sosial şəbəkəsində paylaşım edərək ABŞ-yə cavab veriləcəyini bildirib. O, Qurandan sitat gətirərək təcavüzkarların və onlarla əməkdaşlıq edənlərin cəzalandırılacağını qeyd edib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi isə ABŞ-ni daha sərt şəkildə xəbərdar edib. Onun sözlərinə görə, amerikalılar dünyanın harasında olmalarından asılı olmayaraq özlərini təhlükəsiz hiss etməyəcəklər və İran buna uyğun cavab verəcək.

Bu arada İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai də bəyanatla çıxış edərək ABŞ və İsrailə hərbi dəstək verən ölkələri məsuliyyət barədə xəbərdar edib. O bildirib ki, öz ərazilərini, hərbi bazalarını və infrastrukturunu İrana qarşı əməliyyatlar üçün təqdim edən dövlətlər bunun nəticələrinə görə məsuliyyətdən yayınmayacaqlar.

İsmail Baqai NATO-nun baş katibi Mark Rüttenin açıqlamalarına münasibət bildirərək Avropa ölkələrinin İran ətrafında yaranmış gərginlikdə neytral mövqe tutmadığını da vurğulayıb.

Gərginliyin fonunda İranın cənub bölgələrində də partlayışlar barədə məlumatlar yayılıb. Bildirilir ki, Hörmüzqan əyalətinin Sirik və Bəndər-Abbas şəhərlərində, eləcə də Sistan və Bəlucistan əyalətinin Çabahar və Kunarak bölgələrində partlayışlar qeydə alınıb.

İran mediasının məlumatına əsasən, hücumlar zamanı Çabahardakı İmam Əli Xəstəxanası zərər görüb, şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Həmçinin Buşehr və Əbu Musa adasında da partlayışların baş verdiyi bildirilsə də, Buşehr Atom Elektrik Stansiyasının zərər görmədiyi qeyd olunub.



Xəbər xətti