ABŞ administrasiyası milli təhlükəsizlik səbəbilə xarici istehsal olan yeni insanabənzər və dördayaqlı robotların, həmçinin enerji çeviricilərinin ölkəyə idxalını qadağan edib.
Sitat.info xəbər verir ki, qərar yalnız hələ ABŞ Federal Rabitə Komissiyasının (FCC) təsdiqini almamış yeni modellərə şamil olunur. Hazırda bazarda olan və əvvəllər təsdiqlənmiş məhsulların satışı və idxalı davam edəcək.
FCC bu cihazların kibertəhlükəsizlik, məlumat oğurluğu və uzaqdan müdaxilə riski yarada biləcəyini, inkişaf etmiş insanabənzər robotların isə casusluq məqsədilə istifadə oluna biləcəyini bildirib.
Çin qərara etiraz edərək, ticarətin siyasiləşdirilməsini pisləyib və öz maraqlarını qorumaq üçün lazımi addımları atacağını açıqlayıb. ABŞ isə süni intellekt və robot texnologiyaları sahəsində milli təhlükəsizliyi və yerli istehsalı qorumaq məqsədilə məhdudiyyətləri artırdığını vurğulayıb.