İllərlə ev tikdilər, amma çıxarış ala bilmirlər – Bəs indi nə olacaq? – AÇIQLAMA
Azərbaycanda pay torpaqlarında tikilmiş evlərin sənədləşdirilməsi məsələsi bir çox vətəndaşı maraqlandırır. Bakıətrafı qəsəbələrdə kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilən evlərə çıxarış almanın mümkün olub-olmadığı sual doğurur. Bəs bu evlərin qanuniləşdirilməsi üçün hansı şərtlər tələb olunur və gələcəkdə əmlak amnistiyası tətbiq edilə bilərmi?
Məsələ ilə bağlı Sitat.info-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc məsələyə aydınlıq gətirib:
"Pay torpaqlarında inşa edilmiş evlərə çıxarış almaq, bir qayda olaraq, torpağın təyinatı və hüquqi statusu dəyişdirildikdən sonra mümkün ola bilər. Yəni torpaq yaşayış təyinatlı olmalıdır. Kənd təsərrüfatı təyinatlı pay torpaqları üzərində yaşayış məqsədli ev tikintisinə, bir qayda olaraq, icazə verilmir.
Lakin uzun müddət ərzində yaranmış hüquqi boşluqlardan istifadə edən bəzi vətəndaşlarımız belə torpaqlarda evlər tikiblər. Əgər həmin torpaqların təyinatı müvafiq qaydada dəyişdirilərsə və tikililərin qanuniləşdirilməsi üçün hüquqi əsas yaranarsa, bu evlərin də sənədləşdirilməsi mümkün ola bilər".
O bildirib ki, kənd təsərrüfatı təyinatlı pay torpağında ev tikilibsə, torpağın təyinatı dəyişdirilmədən həmin evə yaşayış evi kimi çıxarış almaq, bir qayda olaraq, mümkün deyil:
"Gələcəkdə bu cür evlərə sahib olan, lakin sənədlərdə torpağı pay torpağı kimi göstərilən vətəndaşların yaşayış təyinatlı sənədlər əldə etməsi ehtimalı da var. Bu, qanunvericilikdə ediləcək dəyişikliklərdən və ya əmlak amnistiyası ilə bağlı mümkün qərarlardan asılıdır.
Belə hallar Məmmədli, Masazır, Novxanı və digər qəsəbələrdə də mövcuddur. Həmin ərazilərdə evlər kütləvi şəkildə inşa edildiyindən gələcəkdə əmlak amnistiyası çərçivəsində bu tikililərə mülkiyyət hüququnun tanınması və torpaqlara yaşayış təyinatının verilməsi məsələsi gündəmə gələ bilər. Lakin bunun üçün müvafiq hüquqi qərarların qəbul edilməsi vacibdir".
Aytac,
Sitat.info