İyulun sonunda Xəzər dənizində İrana məxsus gəmiyə edilən hücumdan sonra Ukraynadakı üç hədəfə zərbə endirməyi planlaşdırıblar. Lakin Ukrayna tərəfinin üzr istəməsindən sonra bu plan ləğv edilib.
Sitat.info xəbər verir ki, bu barədə İranın ali lideri Müctəba Xameneinin müşaviri və İnqilab Keşikçiləri Korpusunun sabiq baş komandanı, general Möhsün Rzayi dövlət televiziyasına açıqlamasında danışıb.
Onun sözlərinə görə, 25 iyul tarixində Xəzər dənizində İranla əlaqəli gəmiyə hücumdan sonra Tehran cavab əməliyyatına hazırlaşıb. Rzayi bildirib ki, Ukrayna ərazisindəki üç hədəfə zərbə endirmək üçün bütün hərbi hazırlıqlar tamamlanmışdı.
Generalın iddiasına görə, sonradan Ukrayna hökuməti həmin hadisə ilə bağlı üzr istəyib və bundan sonra planlaşdırılan hərbi əməliyyat dayandırılıb.
Rzayi çıxışında həmçinin İranın Hörmüz boğazı ilə bağlı mövqeyini də təkrarlayıb. O bildirib ki, Tehran müəyyən etdiyi marşrutlardan kənara çıxılmasına icazə verməyəcək.
Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) iyulun 25-də Xəzər dənizində Rusiyaya məxsus neft platformasına və İranla Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə olunduğu iddia edilən gəmilərə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiyini açıqlamışdı.
Qeyd edək ki, İranın Ukraynanın üzr istədiyi və planlaşdırılan zərbənin ləğv olunduğu barədə açıqlaması hələlik Ukrayna rəsmiləri tərəfindən təsdiqlənməyib.
Səid,
Sitat.info