Bu qidalanma vərdişləri yaşlanmanı sürətləndirir

15:36 13 Avqust 2026

Gündəlik qidalanmada etdiyimiz seçimlər yalnız sağlamlığımıza deyil, orqanizmin nə qədər sürətlə qocalmasına da təsir göstərə bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, ultra emal olunmuş qidaların həddindən artıq istehlakı, balanssız qidalanma və çox kalori qəbulu bioloji yaşlanmanı sürətləndirən əsas amillər sırasında yer alır.

Sitat.info xəbər verir ki, ingiltərəli nevroloq və alim Dr. Devid Koksun sözlərinə görə, qidalanma vərdişləri insanın bioloji yaşlanma prosesinə ciddi təsir göstərə bilər.

Xüsusilə də, ultra emal olunmuş qidaların (UPF) həddindən artıq istehlakı, çox kalori qəbul etmək və orqanizmin ehtiyac duyduğu qida maddələrini kifayət qədər almamaq xəstəliklərin və vaxtından əvvəl ölüm riskini artıra bilər.

“Independent” qəzetinin məlumatına əsasən, Dr. Koks son illərdə piylənmə, diabet və digər metabolik xəstəliklərin artdığını bildirib:

“50 yaşdan aşağı insanlarda bəzi xərçəng növlərinin, gənclər arasında isə iltihabi xəstəliklərin daha çox müşahidə olunması narahatlıq doğurur. Son 10 ildə narahatedici tendensiyaların şahidi oluruq. Piylənmə, diabet və metabolik xəstəliklər artır. 50 yaşdan aşağı insanlarda xərçəng halları, gənclərdə isə iltihabi xəstəliklər çoxalır. Bütün bunlar yaşlanma prosesinin sürətləndiyini göstərir”.

Mütəxəssisin fikrincə, qidalanma yalnız yaşlanmanı sürətləndirən amil deyil, eyni zamanda bu prosesi yavaşlatmağa da kömək edə bilər. Daha uzun və sağlam ömür üçün bir sıra sadə qidalanma qaydalarına əməl etmək tövsiyə olunur.

 

Dr. Koksun əsas tövsiyələri bunlardır:

 

Yarpaqlı yaşıl tərəvəzlərin qəbulunu artırmaq;

Gündə ən azı beş porsiya meyvə və tərəvəz yemək;

Təbii və az emal olunmuş qidalara üstünlük vermək;

Liflə zəngin qidalar qəbul etmək;

Hər əsas qida qəbulunda kifayət qədər zülal almaq.

Mütəxəssis hesab edir ki, bu sadə qaydaların gündəlik qidalanmaya daxil edilməsi uzunmüddətli perspektivdə sağlamlıq üçün əhəmiyyətli fayda verə bilər.



Xəbər xətti