Pirşağıda elektrik fəlakəti pik həddə - MİLLƏTƏ BU MƏŞƏQQƏTİ KİM YAŞADIR?!   

Pirşağıda elektrik fəlakəti pik həddə - MİLLƏTƏ BU MƏŞƏQQƏTİ KİM YAŞADIR?!   
SOSİAL 03 Oktyabr 2026 11:23
Xəzərin şimal sahilində, Abşeron yarımadasının strateji və tarixi ərazilərindən biri olan Pirşağı qəsəbəsinin bağlar sahəsi növbəti dəfə kütləvi elektrik kəsintisi ilə üz-üzə qalıb. 2026-cı ildə artıq 50-ci dəfədir ki, elektrik kəsilib!

Yay aylarında minlərlə şəhər sakininin pənah gətirdiyi, qış və payız mövsümündə isə daimi sakinlərin məskunlaşdığı bu ərazidə işıqların tez-tez və uzunmüddətli sönməsi lokal bir problemdən çıxaraq ciddi sosial narazılığa çevrilib.

Pirşağı bağları coğrafi baxımdan Bakı mərkəzindən şimalda, Xəzər dənizinin düz sahilində yerləşir. Qərbdən Görədil və Novxanı, şərqdən Kürdəxanı və Nardaran bağları ilə həmsərhəddir. Son illərdə Sumqayıt-Bakı dairəvi dəmir yolu xəttinin Pirşağıdan keçməsi və qəsəbə istiqamətində çəkilən müasir avtomobil yolları ərazinin nəqliyyat əlçatanlığını artırıb.

Lakin bu coğrafi üstünlüklər və nəqliyyat infrastrukturunun yenilənməsi fonunda kommunal xidmətlərin — xüsusilə elektrik təchizatının dözülməz vəziyyətdə qalması böyük təzad yaradır. Müasir yaşayış kompleksi "Sea Breeze" zonasının yaxınlığı, reabilitasiya mərkəzləri və turizm obyektləri ilə qonşu olan Pirşağı bağlarında yaşayan əhali hələ də keçən əsrin infrastruktur problemləri ilə əlləşir. Yay-qış fərq eləmir, külək əadi, yağış yağdı, elektrik mütləq və mütləq kəsilir. Səbəb nədir, bilinmir.

Elektrik enerjisinin kəsilməsi təkcə qaranlıqda qalmaq demək deyil. Abşeron bağlarında su təchizatı və istilik sistemləri birbaşa elektrik nasosları və kombilər vasitəsilə işləyir. İşıqların sönməsi ilə eyni anda su təchizatı tamamilə dayanır; qış və keçid mövsümlərində evlərin istiliyi kəsilir; onlayn işləyən və təhsil alan sakinlərin gündəlik rejimi iflic olur.

 Aidiyyəti qurumların qaynar xətlərinə edilən zənglər ya cavabsız qalır, ya da standart "qəza baş verib, bərpa olunur" cavabı ilə yola verilir.

Dövlət səviyyəsində Abşeron qəsəbələrinin sosial-iqtisadi inkişafı üzrə xüsusi proqramların icra olunduğu bir dövrdə, Bakının mərkəzindən cəmi 30-35 kilometr aralıda yerləşən bir ərazinin işıqsız qalması qəbulolunmazdır. Turizm potensialı yüksək olan, hər il minlərlə insanın sərmayə qoyub ev tikdiyi Pirşağı bağlarında infrastrukturun bu vəziyyətdə olması regionun inkişaf dinamikasına da zərbə vurur.

"Azərişıq" ASC və aidiyyəti yerli icra hakimiyyəti orqanları Pirşağı bağlar massivinin elektrik şəbəkəsini köklü şəkildə yeniləməlidir.

Tehran Yusifli,Sitat.info