Xəzərdə hərbçilərin ölümünə görə sabiq komandan həbs EDİLDİ
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı Kanat Niyazbekov həbs edilib.
Sitat.info xəbər verir ki, bu barədə “Tengrinews” Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, Niyazbekov Xəzər dənizində hərbi təlimlər zamanı hərbçilərin ölümü ilə bağlı cinayət işi çərçivəsində xidməti vəzifələrə səhlənkar münasibətdə şübhəli bilinir.
Qazaxıstan DİN-in məlumatına görə, keçmiş komandan saxlanılaraq müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sentyabrın 24-də Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı 17 hərbçini güclü külək dənizə aparıb. Onlardan 3-ü xilas edilib, 14 hərbçi isə həlak olub.
Hadisə ilə bağlı daha əvvəl beş yüksək rütbəli hərbçi saxlanılmışdı. İstintaq zamanı təlimlərin təşkili, təhlükəsizlik tədbirlərinə əməl olunması, hava şəraitinin nəzərə alınması və katerin texniki vəziyyəti araşdırılır.