"Artıq getmək vaxtıdır..." - Messi
Sitat.info xəbər verir ki, bu sözləri əfsanəvi futbolçu Lionel Messi Buenos-Ayresdə Benin üzərində 3:0 hesablı qələbə ilə yekunlaşan vida matçından sonra deyib.
Yığmadakı komanda yoldaşlarına və azarkeşlərə minnətdarlığını bildirən ulduz futbolçu əlavə edib: “Komanda yoldaşlarımın sayəsində uşaqlıq xəyalımı gerçəkləşdirib dünya çempionu oldum. Onlarla eyni meydanı və zamanı bölüşmək böyük şərəf idi. Yanımda hər şeyini verməyə hazır olan döyüşçülərin olduğunu bilirdim. Məni argentinalı olaraq yaratdığı üçün Tanrıya şükür edirəm. Bütün argentinalılara minnətdaram. Dünyanın harasında oynamağımızdan asılı olmayaraq, sizin sayənizdə özümüzü evimizdəki kimi hiss edirdik. İndi isə mən də adi bir azarkeş olacağam və bu uşaqları sonadək dəstəkləyəcəyəm.
Anlamaq lazımdır ki, bir gün çətin günlər gələcək, lakin biz birlikdə olmalıyıq. Biz azarkeşlər olaraq bu futbolçuları əvvəlkindən daha çox dəstəkləməliyik.
Məhz bu stadionda həyatımın ən xoşbəxt anlarından birini yaşadım. Dünya çempionatında qələbədən sonra bura gəldiyimiz gün inanılmaz idi. Həmin gündən çəkilmiş video və fotolara hələ də baxıram.
Bu, mənim üçün çox çətin andır. Hamınız üçün çox darıxacağam”.
Qeyd edək ki, milli komanda karyerasını başa vurduğunu elan edən Lionel Messi Argentina yığmasının heyətində 208 oyunda 126 qol və 70 məhsuldar ötürmə ilə yadda qalıb. O, yığma ilə 2008-ci ildə Olimpiya Oyunlarının, 2021 və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Finalissima və dünya çempionatının qalibi olub.