Özbəkistanda dini nikaha görə cərimlər artırıldı 

Özbəkistanda dini nikaha görə cərimlər artırıldı 
Dünya 15 Oktyabr 2026 13:19
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin qanunvericiliyinə dəyişiklik və əlavələri nəzərdə tutan qanunu imzalayıb. Yeni qanuna əsasən, nikahın dövlət qeydiyyatına alınmadan İslam qaydalarına uyğun dini nikah mərasiminin (kəbin) keçirilməsinə görə cərimələr artırılır.

Sitat.info xəbər verir ki, qanun parlament tərəfindən təsdiqlənib və rəsmi dərc olunduğu andan qüvvəyə minib.

Sənəddə Özbəkistanın İnzibati Məsuliyyət Məcəlləsinin 47-3-cü maddəsinə nikah yaşı və ya nikahın bağlanması qaydalarının pozulmasına dair maddəyə dəyişiklik edilməsi nəzərdə tutulur.

Yeni qaydalara əsasən, nikah dövlət qeydiyyatına alınmadan kəbin mərasiminin keçirilməsinə görə cərimə 30-50 baza hesablama vahidinə (təxminən 1200-1840 dollar) qaldırılıb. Əvvəllər bu cərimə 15-30 baza hesablama vahidi (təxminən 550-1 100 dollar) təşkil edirdi.

18 yaşına çatmamış şəxslərin nikaha daxil olmasına görə cərimələrin də 10-15 baza hesablama vahidi (təxminən 400-550 dollar) artırılması nəzərdə tutulur.

2017-ci ildə Özbəkistan Prezidenti məscid imamlarına nikah dövlət qeydiyyatına alınmadan dini nikah mərasimi keçirməyi qadağan etmişdi. Amma qeyri-rəsmi məlumatlara görə, çoxarvadlılığa şərait yaradan bu cür mərasimlərin sayı artmaqda davam edir. Bununla əlaqədar 2023-cü ildə Özbəkistanda çoxarvadlılığın təbliğinə görə inzibati məsuliyyət tətbiq edilib. Bu əmələ görə 15 sutkayadək inzibati həbs cəzası da nəzərdə tutulub.