Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi
Məktəbdə vahid geyim qaydaları ilə bağlı qərar verildikdən sonra hicablı məktəbli qızların və müəllimələrin yaşadığı problemin həlli ilə bağlı müzakirələrin getdiyi bir vaxtda ADP sədri Sərdar Cəlaloğlu mühüm bir təklif irəli sürüb.
O, Sitat.info-ya açıqlamasında kələğayı elementləri əsasında , milli mədəniyyətimizi təmsil edən baş örtüklərinin hazırlanmasını optimal çıxış yolu kimi təklif edib.
"Əslində, bu məsələ vaxtilə Şah İsmayıl Xətai tərəfindən çox uğurla həll olunub. O, türk fəsinə 12 imam zolağı əlavə edib, beləliklə də qızılbaşlar hərəkatı yaranıb və türklüklə İslamın sintezi olan bir baş geyimi olub. İndiki halda belə bir yol seçmək olar. Mən bu məsələni dünənki çıxışımda da qaldırdım ki, Azərbaycanın özünün milli hicab forması yaradıla bilər. Kəlağayı ilə hicab bağlamaq olar. Bundan əvvəl bizim analarımız indiki bu türbandan istifadə eləmirdi, o vaxt şallar var idi, o şallardan istifadə edirdilər. O da hicab idi. İndi də kəlağayıdan istifadə eləməklə hicabın elə bir qaydasını müəyyən eləmək ki, o yalnız Azərbaycan xalqına məxsus ola. Həm də milli mədəniyyətimizin təbiğatı kimi kəlağayımız təbliğ olunar, həm də uşaqlarımız hicabda olarlar. Bu da bir yoldur və mənə elə gəlir ki, bu yolun da seçilməsi indiki düşdüyümüz vəziyyətdə düzgün çıxış yoludur".
Seymur,
Sitat.info