AQEM sammitində Fələstin məsələsi gündəmə gətirildi
Fələstin Qəzza zolağında daimi atəşkəsin təmin edilməsinə, İsrail qüvvələrinin ərazidən tam çıxarılmasına və yenidənqurma işlərinə başlanılmasına çağırıb.
Sitat.info xəbər verir ki, bunu Fələstin dövlətinin xarici işlər və diaspora naziri Varsen Aqabekyan Şahin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Qəzza zolağında müharibə genişmiqyaslı dağıntılara və ağır humanitar iztirablara səbəb olub.
Nazirin sözlərinə görə, “Fələstinin milli məqsədi işğala son qoymaq, Şərqi Qüds paytaxt olmaqla, 4 iyun 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin Dövlətini yaratmaq və beynəlxalq qətnamələrə uyğun olaraq qaçqın məsələsinin ədalətli həllinə nail olmaqdır”.
Fələstinli nazir AQEM üzv dövlətlərini mülki əhalinin müdafiəsi, məcburi köçürülmənin qarşısının alınması, humanitar yardımın çatdırılması, məskunlaşma və ilhaq siyasətinin rədd edilməsi, eləcə də beynəlxalq qətnamələrin icrası istiqamətində konkret addımlar atmağa çağırıb.
Türkiyə xarici işlər naziri Hakan Fidan isə AQEM-in üzvü olan Fələstinin hüquqlarını dəstəkləmək üçün qəti mövqe nümayiş etdirməyə çağırış edib.
“Davamlı həll yolu paytaxtı Şərqi Qüds olan, 1967-ci il sərhədləri əsasında müstəqil və suveren Fələstin dövlətinin yaradılmasını tələb edir. AQEM fərqli prioritetləri uzlaşdırmaq və qarşılıqlı anlaşmanı dərinləşdirmək üçün dəyərli platformadır. Bu sammit qitəmizdə davamlı sülhün və rifahın gücləndirilməsi naminə AQEM-in daha səmərəli fəaliyyətinə aydın istiqamət verməlidir. Bu məqsədlərə nail olmaq üçün qətiyyətlə çalışmağa davam edəcəyik”, - Hakan Fidan vurğulayıb.
Bəhreyn XİN rəhbəri Əbdüllətif bin Rəşid Al Zayani regionda davamlı sülhün təmin olunması üçün Fələstin məsələsinin ədalətli həllinin və İsraillə yanaşı müstəqil Fələstin Dövlətinin yaradılmasının vacibliyini qeyd edib.
Misir Ərəb Respublikasının xarici işlər nazirinin müavini Məhəmməd Əbu Bəkr deyib ki, Fələstin məsələsi Yaxın Şərqdə sülh və sabitliyin əldə olunmasında mərkəzi əhəmiyyət daşıyır.
Misirli diplomat beynəlxalq hüquqa riayət olunmasının, Qəzza zolağına humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz çatdırılmasının vacibliyini qeyd edib. O, Fələstin xalqının öz torpaqlarından zorla köçürülməsinə yönələn istənilən cəhdi rədd etdiklərini bildirib.
XİN rəhbərinin müavini əlavə edib ki, Fələstin-İsrail münaqişəsinin davamlı həlli Qəzza zolağının Fələstin ərazisinin ayrılmaz hissəsi olaraq qalmasını və iki dövlət prinsipi əsasında müstəqil Fələstin dövlətinin yaradılmasına imkan verən etibarlı siyasi perspektivin formalaşdırılmasını nəzərdə tutmalıdır.
Məhəmməd Əbu Bəkr İranda baş vermiş son müharibənin münaqişələrin genişlənməsi və gərginliyin artmasının regiondan kənara yayıla biləcək nəticələri ilə bağlı təhlükələri üzə çıxardığını da bildirib. O, Misirin gərginliyin azaldılması məqsədilə regional və beynəlxalq tərəfdaşlarla əlaqələrini gücləndirdiyini, Körfəz dövlətlərinə qarşı hücumları pislədiyini diqqətə çatdırıb.
İsrail Prezidenti İsxak Hersoq da çıxışında Fələstin məsələsinə toxunub.
“Ümid edirəm ki, Yaxın Şərqdə — Livan, Suriya, Qəzza və qonşularımız olan fələstinlilərlə sülh baxışını görə biləcəyik və terrorun bütün formalarına qarşı birlikdə mübarizə aparacağıq”, - İsrail Prezidenti əlavə edib.