İsrail Qəzzada xəstəxananı vurdu: 6 nəfər öldü, 20 yaralı var
İsrail ordusunun Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasir xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında cərrah da var.
Sitat.info Reuters-ə istinadən xəbər verir ki, zərbə xəstəxananın cərrahiyyə şöbəsinin yerləşdiyi binaya dəyib və ciddi dağıntılara səbəb olub.
İsrail ordusu hücum zamanı xəstəxanada fəaliyyət göstərən yüksək rütbəli HƏMAS silahlısını və digər qruplaşma üzvlərini hədəf aldığını açıqlayıb. Həmçinin HƏMAS-ı xəstəxana kompleksindən hərbi məqsədlərlə istifadə etməkdə ittiham edib.
Reuters İsrail tərəfinin bu iddialarını müstəqil şəkildə təsdiqləyə bilmədiyini bildirib.
Qeyd edək ki, atəşkəs razılaşmasından sonra Qəzzada İsrail hücumları nəticəsində azı 1600 fələstinlinin öldürüldüyü bildirilir. İsrail isə bu müddətdə 4 hərbçisinin öldüyünü açıqlayıb.
Nigar,
Sitat.info