Temperatur 10 dərəcəyədək enəcək, qar və dolu yağacaq - XƏBƏRDARLIQ!

Temperatur 10 dərəcəyədək enəcək, qar və dolu yağacaq - XƏBƏRDARLIQ!
SOSİAL 13 Noyabr 2026 15:10

Bir neçə gündür müşahidə olunan mülayim hava şəraitindən sonra noyabrın 15-i axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Sitat.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, şimal-qərb küləyinin arabir güclənəcəyi, havanın temperaturunun isə ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi proqnozlaşdırılır.

    Bakıda və Abşeron yarımadasında noyabrın 16-sı gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

    Noyabrın 15-i axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, eyni zamanda Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

    Qeyri-sabit hava şəraitinin noyabrın 16-sı axşamadək davam edəcəyi gözlənilir.