Tramp Meksikanı tarifləri ikiqat artırmaqla hədələdi
ABŞ prezidenti Donald Tramp Meksika hökumətini ölkə ərazisindən ABŞ sərhədinə doğru hərəkət edən miqrant karvanlarını dayandırmağa çağırıb. Əks halda, Meksikadan idxal olunan məhsullara tətbiq edilən gömrük tariflərinin ikiqat artırılacağını bildirib.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Tramp “Truth Social” platformasındakı paylaşımında Meksikanın miqrant axınının qarşısını dərhal almalı olduğunu vurğulayıb və xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə tariflərin dərhal ikiqat artırılacağını qeyd edib.
Məlumata görə, Meksikanın cənubundakı Tapachula şəhərindən təxminən 1500 nəfərlik miqrant qrupu ABŞ istiqamətində hərəkətə başlayıb. Onların əksəriyyətinin Mərkəzi Amerika ölkələrindən olduğu bildirilir.
Meksika prezidenti Klaudiya Şeynbaum isə Trampın açıqlamasına münasibət bildirərək, 2025-ci ilin yanvarından bəri heç bir miqrant karvanının ABŞ sərhədinə çatmadığını deyib. O, miqrantlarla bağlı məsələnin güc tətbiq edilmədən həll olunacağını vurğulayıb.
Qeyd edək ki, Vaşinqton və Mexiko hazırda iki ölkə arasında ticarət sazişinin şərtləri ilə bağlı danışıqlar aparır. Tariflərin artırılması ilə bağlı təhdid bu danışıqların gedişinə də təsir göstərə bilər.
Nigar,
Sitat.info