​​​​​30 min dollarlıq toy bir avtomobilə görə yarımçıq qaldı

​​​​​30 min dollarlıq toy bir avtomobilə görə yarımçıq qaldı
Dünya 23 Noyabr 2026 15:31

Hindistanda Dehlidə polis əməkdaşı işləyən Kuldip adlı şəxs gəlinin ailəsinin təxminən 30 min dollar xərclədiyi toy mərasimini avtomobil tələbinə görə yarımçıq qoyub.

Sitat.info xəbər verir ki, "Free Press" Journal qəzetinin məlumatına görə, bəy toy günü ona vəd edildiyini iddia etdiyi “Suzuki Brezza” markalı avtomobili tələb edib. Avtomobilin olmaması səbəbindən o, gəlinlə evlənməkdən imtina edib.

Məlumata görə, Kuldip bir neçə ay əvvəl Hina adlı qadınla tanış olub. Əvvəlcə ailəsi cehiz tələb etmədiyini bildirsə də, nişandan sonra avtomobil və qızıl zinət əşyaları istənilib.

Gəlinin atası Subhaş Kumar əvvəlcə təxminən 10 min dollara “Hyundai Aura” sifariş etdiyini, lakin bəyin daha bahalı, 14 min dollarlıq “Suzuki Brezza” tələb etdiyini bildirib. Toydan bir gün əvvəl isə Kuldip avtomobil tələbində yenidən israr edib.

Toy günü mərasimə gələn bəy əvvəlcə avtomobili görmək istəyib. Tələbi yerinə yetirilmədikdə gəlinin qohumları ilə mübahisə edərək məkanı tərk edib. Daha sonra geri qayıtsa da, avtomobil və qızıl tələblərindən imtina etməyib. Nəticədə ailəsi ilə birlikdə mərasimi birdəfəlik tərk edib.

Hadisədən sonra gəlinin atası polisə şikayət edib. O, toy hazırlıqlarına təxminən 3 milyon rupi xərclədiyini, bəyin ailəsinin isə mebel və hədiyyələri geri qaytarmadığını iddia edib. Kumar cehiz tələbi ilə bağlı araşdırma aparılmasını və əşyaların qaytarılmasını tələb edib.