Husilər Səudiyyə Ərəbistanının maliyyə mərkəzini vurdu: 11 yaralı
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən maliyyə mərkəzindəki göydələnlərdən birinə hücum ediblər.
Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidmətinin məlumatına görə, noyabrın 24-də baş verən hücum nəticəsində 11 nəfər yaralanıb.
Yaralananlardan ikisi Səudiyyə Ərəbistanı, ikisi Hindistan, üçü Nepal, dördü isə Misir vətəndaşıdır.
Hücumun hədəfi Ər-Riyadın Kral Abdullah Maliyyə Rayonunda yerləşən 80 mərtəbəli İctimai İnvestisiya Fondunun (PIF) göydələni olub. Bu bina Səudiyyə Ərəbistanının suveren sərvət fondunun qərargahıdır.
Qeyd edək ki, həmin göydələn noyabrın 19-da da hücuma məruz qalmışdı. Həmin vaxt binanın bir neçə mərtəbəsinə və yaxınlıqdakı tikililərə ziyan dəymiş, lakin xəsarət alan olmamışdı.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hücuma görə husiləri ittiham edib və mülki şəxslərin hədəfə alınmasına sərt cavab veriləcəyini açıqlayıb.
Bununla belə, husilər noyabrın 24-də baş verən hücumla bağlı dərhal məsuliyyəti üzərlərinə götürməyiblər.
Son hadisə Yəməndəki qarşıdurmanın yenidən genişlənməsi fonunda Səudiyyə Ərəbistanının təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.
Aytac,
Sitta.info