Şok iddia: Tutulan şəxsi Fira evində gizlədirmiş - Foto
Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, polis əməkdaşlarına Novxanı qəsəbəsində Fira Cəlilovanın anasına məxsus bağ evində müxtəlif cinayətlər törətməkdə təqsirləndirilən Əlihüseyn Hüseynovun gizlənməsi barədə məlumat daxil olub.
Müəyyən edilib ki, axtarışda olan həmin şəxs bilə-bilə həmin evdə gizlədilib.
Hadisə yerinə əməliyyat qrupu gedib və Ə.Hüseynov gizlədildiyi yerdən aşkarlanaraq saxlanılıb.
***
Aparıcı Fira Cəlilovanın Novxanı qəsəbəsindəki bağ evində gizləndiyi deyilən Əlihüseyn Hüseynovla bağlı bəzi detallar məlum olub.
Məlumata görə, uzun müddət müxtəlif cinayətlərlə əlaqəli axtarışda olan Ə.Hüseynov bir müddət əvvəl rayonların birindən Bakıya gəlib.
O, aparıcının anasının tanışlarından birinin xahişi ilə onların evinə yerləşdirilib. Ə.Hüseynov 10 gündən artıq imiş ki, həmin evdə gizlədilibmiş.
Hadisə ilə bağlı dünən polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub və şəxsin həmin bağ evində gizləndiyi bildirilib. Aparılan araşdırmalarla fakt təsdiqini tapıb və ev sahibinə həmin şəxsin polisə təhvil verilməsi məsləhət görülüb. Lakin ev sahibi məlumatları təkzib edib, evində kənar şəxsin olmadığını bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat məlumatını dəqiqləşdirib və məlum olub ki, Ə.Hüseynov həmin ünvandakı bağ evinin həyətindəki tikilidə gizlənir. Polis əməkdaşlarının keçirdikləri əməliyyatla həmin şəxs gizləndiyi tikilidə saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.