Slovakiyanın Baş prokuroru Azərbaycandadır - FOTO

Slovakiyanın Baş prokuroru Azərbaycandadır - FOTO
Gündəm 26 Noyabr 2026 15:00

Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində qonaqlar əvvəlcə Bakıda Zəfər abidəsini, həmçinin Zəfər Muzeyini ziyarət ediblər.

Zəfər Muzeyində qonaqlara Azərbaycanın tarixi, Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və əldə olunmuş tarixi Qələbə, eləcə də ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası barədə məlumat verilib.

Müasir texnologiyaların tətbiqi ilə yaradılmış səkkiz ekspozisiya zalında nümayiş etdirilən foto və videomateriallar, interaktiv təqdimatlar və eksponatlar vasitəsilə Vətən müharibəsinin mühüm mərhələləri, Şuşanın azad olunması, Azərbaycan hərbçilərinin qəhrəmanlığı və şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, həmçinin Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri əks etdirilib.

Daha sonra Azərbaycan Baş prokuroru Kamran Əliyev Slovakiyanın Baş prokuroru Maroş Jilinkanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Baş prokuror Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, müxtəlif istiqamətlər üzrə dinamik inkişaf etdiyini vurğulayıb. Bu baxımdan 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamənin, Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci ilin dekabrında Slovakiyaya, Slovakiya Prezidenti Peter Pelleqrininin isə 2026-cı ilin iyulunda Azərbaycana həyata keçirdikləri rəsmi səfərlərin ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynadığı qeyd edilib.

Dövlətlərarası münasibətlərin inkişafı fonunda iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın da ardıcıl olaraq genişləndiyini bildirən Kamran Əliyev Maroş Jilinkanın 2025-ci ilin sentyabrında Azərbaycana səfəri çərçivəsində imzalanmış Anlaşma Memorandumunun institusional əlaqələrin inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Cari ilin 22-23 iyun tarixlərində Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin Bratislavaya rəsmi səfərinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinə və praktiki əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verdiyi vurğulanıb.

Slovakiya Baş prokuroru göstərilən yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycan Baş Prokurorluğunun beynəlxalq əməkdaşlığın inkişafına, hüquqi təcrübənin bölüşdürülməsinə və prokurorluq orqanları arasında peşəkar dialoqun təşviqinə verdiyi töhfələri yüksək qiymətləndirib. Həmçinin Azərbaycan prokurorluğunun fəaliyyət istiqamətləri, institusional inkişafı və müasir çağırışlara uyğun tətbiq etdiyi iş metodları ilə maraqlandığını bildirərək, səfər çərçivəsində keçirilən görüşlərin bu sahələrdə qarşılıqlı təcrübənin öyrənilməsi baxımından faydalı olacağını vurğulayıb.

Görüşdə cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın intensivləşdirilməsi, hüquqi dialoqun inkişaf etdirilməsi, habelə prokurorluq orqanları arasında təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin, birgə təşəbbüslərin həyata keçirilməsinin və peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüş çərçivəsində Azərbaycan Baş Prokurorluğu ilə Slovakiya Baş Prokurorluğu arasında 2027-ci il üçün Əməkdaşlıq Proqramı imzalanıb.

Sənədin mövcud Anlaşma Memorandumu əsasında ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinə, prokurorluq orqanları arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, təcrübə mübadiləsinin və praktiki əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi vurğulanıb.

Görüş zamanı Maroş Jilinka iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin inkişafına və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Sonda tərəflər Azərbaycan və Slovakiya prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə, imzalanmış Əməkdaşlıq Proqramının qarşılıqlı fəaliyyətin yeni istiqamətlər üzrə inkişafına və beynəlxalq hüquqi əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyinə əminlik ifadə ediblər.

Nümayəndə heyətinin səfəri davam edir.