Belarus müharibəyə qoşulacaqmı? - Savaş bir az da uzanarsa...

10:35 5 İyul 2022

Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə Belarusun birbaşa qoşulması ehtimalı bir müddətdir müzakirə olunur. Ukraynanın  xarici işlər naziri Dmitro Kuleba dünən bu məsələyə münasibət bildirərkən deyib ki, Belarusun savaşda birbaşa iştirakı ehtimalı Rusiya ordusunun Ukraynadakı uğurlarına mütənasib olaraq artacaq. "Nə qədər ki, Belarus Ukrayna ordusunun uğurlarını görür, onlar hər cür hərəkətlərini təxirə salacaqlar. Rusiya isə Belarus ərazisindən istifadə edir”, - o söyləyib.

Nazir, həmçinin Belarusla diplomatik təmasların çox məhdud olduğuna diqqət çəkib: “Bizim qarşılıqlı olaraq səfirimiz, səfirliyimiz var. Bunlar yeganə ünsiyyət kanallarıdır”.

Qeyd edək ki, daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanı dəstəklədiyini söyləmişdi.
 Həm hər iki tərəfin ritorikası, həm də Qərb rəsmilərinin açıqlamaları müharibənin hələ uzun müddət davam edəcəyinə işarədir. Bu isə o deməkdir ki, Rusiyanın işi getdikcə çətinləşəcək və onun əlavə dəstəyə ehtiyacı olacaq. Moskvaya dəstək verəcək ilk tərəf isə məhz Minskdir. Çünki Belarus Prezidenti Aleksandr Lukaşenkonun rusiyalı həmkarı Vladimir Putinin, demək olar, hər sözü ilə "oturub durur".

 Doğrudur, lazım gəlsə, Çin də Rusiyaya kömək edə bilər. Çünki Pekin başa düşür ki, Qərbin Moskva ilə işi başa çatdıqdan sonra növbəti hədəf o olacaq. Amma Çin Rusiyadan çox uzaqdadır. Və Çinin müharibəyə müdaxiləsi savaşın qlobal xarakter alması deməkdir.
 Belarus isə Rusiya ilə sərhəddir. Əgər müharibəyə müdaxilə etsə, bu, savaşın miqyasına ciddi təsir etməyəcək. 

 Sözsüz ki, Putin nə desə, Lukaşenko onu da edəcək. Amma Belarus özü müharibədə iştirak etməkdə maraqlı deyil. Birincisi ona görə ki, Minsk bu halda qarşısında NATO- nu görəcək. Belarus Rusiya qədər dayanıqlı deyil. Və təbii ki, Alyansla mübarizə aparmalı olsa, çox müqavimət göstərə bilməyəcək. İkincisi, Belarus ictimaiyyəti iqtidara lazımi qədər rəğbət bəsləmir. Bu isə o deməkdir ki, Minskin savaşa qoşulması daxildə müsbət qarşılanmayacaq və bu, hakimiyyəti zərbə altında qoyacaq. 

 Ona görə Belarus Rusiyaya mümkün qədər bilavasitə dəstək olmağa çalışır və öz ərazisindən istifadə etməyə imkan verir. 
 Belarusun yaxın vaxtda müharibəyə birbaşa qoşulacağı gözlənilmir. Müharibə daha çox uzanacağı təqdirdə bu baş verə bilər. Və nəticədə Şərqi Avropadakı durum daha da gərginləşəcək. 
Kənan Novruzov



Xəbər xətti