Azərbaycanda bütün sahələrin problemləri bir-biri ilə elə kəsişir, elə dolanbac bir mənzərə yaranır ki, hansı birini tənqid eləməyə başlasan, vicdanın səni məcbur edir ki, sıfırdan başlayasan.
Məsələn, media niyə müstəqil deyil, niyə müstəqil gəlir mənbələri yoxdur? Niyə media hər şeyə görə MEDİA-dan asılıdır? Niyə yenə də hər şeyi dövlət edir? Cavab çox sadədir- çünki azad reklam bazarı, medianın müstəqil gəlir mənbələri yoxdur.
Reklam bazarı azad iqtisadiyyatın, bazardakı rəqabətin nəticəsi olaraq formalaşır. Bəs bizdə rəqabət varmı? Hər sahəni 3-4 nəhəng şirkət tutub. Dərinə getsən, onların 3-ü də eyni yerə bağlıdır. Hətta həm istehsal, həm idxalla məşğuldurlar. Kənardan gələni ya vurub sıradan çıxarır, ya da asılı vəziyyətə salırlar. İllərdir marketlərdə eyni məhsullardır, alsan da sağ ol, almasan da. Reklam isə “dəyib-dolaşma” prinsipi ilə verilir. Həm media pul qazandıqca azadlığından qurban vermiş olur ki, buna məhkumdur. Həm də umacağı olur, alınmayanda MEDİA-dan küsür. Halbuki bugünə qədərki durumun, iqtisadiyyatın bu vəziyyətinin, jurnalistikanın reklamsız qalmasının günahı onlarda deyil. Rəqabətsiz bazarda ədalətli reklam bazarı yaratmaq da Marsda su tapmaq qədər çətindir.
Hazırda elə bir mühit var ki, bu bazarda istedadı, peşəkarlığı olan yox, daha çox pulu olanın media qurumu özünə yer tuta bilir. İstisnalar hər yerdə var. Amma keyfiyyətli iş görənlər olsa da, keyfiyyət standartı yoxdur, bu önəm daşımır. Bütün seçimlərdə bunu birmənalı olaraq görə bilərik. İP deyilən ölçü vahidi isə pula bağlı olan məsələdir. Güclü reklam çoxlu İP gətirir və çox pulu olan daha önə çıxır. Dolayısı ilə olan-olmaz reklam da İP dalınca qaçır. Yağ yağ üstə gedir, yarmalar da yavan qalır...
Reklam verən şirkət özünə sual vermir ki, əcəba bu oxuyanlar kimlərdir və onlar mənim potensial müştərilərim olacaq kəsimdirmi? Yoxsa Rəqsanənin qızının həyat yoldaşının verdiyi açıqlamanı, Bayram Nurlunun qaynatasına dediklərini gözünə təpən, hələ sosial varlığa çevrilməmiş, iqtisadi baxımdan kiminsə əlinə baxan şəxslərdir. Peşəkar bu mühitdə boğulur. Bir yandan auditoriya sıxır, əziyyətlə hazırladığın iqtisadi, siyasi təhlilləri elə bil qurbağa gölünə atırsan – səssizlik və sıfır reaksiya. Məcbur edirlər ki, Aysunun, Pərvinin yaradıcılığına müraciət edəsən... Bir yandan reklamçıların nə prisiplə işlədiyi məlum deyil.
O ki, qaldı Milli Mətbuat Gününə, burada da minnətli təbriklər sıraya düzülür. Bir dəfə bir keyfiyyətli yazı oxuyub müəllifə təşəkkür edərək paylaşmayan, əməyə dəyər verməyənlər əqidə satmaqdan, qələm satmaqdan bəhs edən təbriklərə başlayırlar. Guya hər şeyimiz yerində idi, bircə jurnalistlər qələmi satmasaydı.
Jurnalistikada qaz vurub qazan dolduranların sayı toplam 50 nəfər olmaz. Yerdə qalanlar bu sahədə fəhlə işləyir, əziz oxucular hamımız bu cəmiyyətin fəhlələriyik. Müəllimlərin , həkimlərin maaşını dövlət verirdi, dövlətdən tələb edirdiniz, artırıldı, müəyyən səviyyəyə çatdı. Jurnalistlər özəl şirkətlərdə çalışır. Kimdən tələb edəcəksiniz? Bu insanlar 500-600 balla ali məktəbə daxil olur, 4 il oxuyur, sonra gedib 500-600 manata, lap yaxşı halda 1000 manata ömrünü xərcləyir. Çünki 1000 manat bu gün bir ailə başçısının ancaq növbəti aya sağ çıxması üçün yetərlidir. Hələ onun nə qədəri rəsmi verilir, bu insanlar sabah sosial ipoteka ala biləcəkmi, qocalanda əmək pensiyası düşəcəkmi, bundan ümumiyyətlə danışılmır...
Bu insanlar sizin minnətinizi, töhmətinizi götürəcək qədər lüks həyat yaşamır, nə də bunu haqq etmir!
O ki, qaldı MEDİA və onun tədbirlərinə... Bəli, böyük əziyyət və mükəmməl təşkilatçılıq var idi. Qüsursuz idi. Ələsgər Məmmədlini, Qulu Məhərrəmlini, Jurnalistika fakültəsində illərlə jurnalist yetişdirənləri orada görmək də sevindirici idi. Amma digər seçimlər problemli idi.
Əvvəla Şuşanı almaq üçün əlinə silah götürən jurnalistlər orada deyildi. Digər tərəfdən, köhnə rəhbərlikdən qalan bir ənənə hələ dəyişməyib. Həmişə hər yerdə eyni vitrini düzəltmək məcburiyyəti nədən doğur? Biraz dəyişiklik olsaydı, bütün tədbirlərdə başda olanlar bəlkə bu dəfə seçiminizi anlayışla qarşılayardı. Mətbuat ancaq mətbuat kapitanlarındanmı ibarətdir? Bu mətbuatın bütün yükü heç də media kapitanlarının çiynində deyil axı! Bəzi media kapitanları heç jurnalist də deyil, sadəcə sahibkardır. Onların arasında bu günə qədər bir yazı yazmayanlar da var. Saçını bu yolda ağardan jurnalistlər, redaktorlar var, o sahibkarların əlinin altında ömürləri bir kompüterin arxasında keçib. Bu həyat onlar üçün bir kompüter ekranı və hərflərdən ibarət olub. Onlar bu sahənin səfasını sürə bilməyiblər.
Bu tədbirlərdə yada salınmalı imzalar var idi. Bəli, tədbirlər kapitanlar üçün yox, İMZA-lar üçün olmalıdır. Kapitanlar arasında da İMZA varsa, onların da haqqıdır. Başqa sahələrdə belə deyil. Hörmət klinika rəhbərinə yox, həkimə qoyulur. Məktəbdə müqəddəs olan direktor yox, müəllimlərdir və sair. Jurnalistika da ürək tələb edən, can qoyulan, fədakarlıq istəyən peşədir. Fədakarlıq edənin də inciməyə haqqı var...
MEDİA yeni siyasəti formalaşdıran qurumdur. Media rəhbərləri önə çəkiləcəksə, hamı media rəhbəri olmağa çalışacaq, jurnalistlər həvəsdən düşəcək. Jurnalist hörmət görəcəksə, yaradıcı əməyə qiymət veriləcəksə, o zaman yazıb-yaratmaq uğrunda rəqabət başlayacaq.
Nərgiz LİFTİYEVA