Hörmüz böhranı fonunda İran-Pakistan razılaşması: 20 gəminin keçidinə icazə verildi

10:58 30 Mart 2026

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar sosial media hesabında açıqlama verərək bildirib ki, İran hökuməti Hörmüz boğazından Pakistan bayrağı altında üzən daha 20 gəminin keçməsinə icazə verməyə razılaşıb.

Sitat.info xəbər verir ki, onun sözlərinə görə, razılaşmaya əsasən, boğazdan gündə maksimum iki gəminin keçidinə icazə veriləcək.

Nazir bu addımı yüksək qiymətləndirərək İranın qərarını “konstruktiv jest” adlandırıb. O vurğulayıb ki, bu razılaşma regionda sabitliyin möhkəmləndirilməsinə və sülhün təşviqinə xidmət edə bilər.

Dar əlavə edib: “Bu, sülhün xəbərçisidir və regionda sabitliyin təmin edilməsinə kömək edəcək. Dialoq, diplomatiya və bu kimi etimad qurucu addımlar irəliyə doğru atılan yeganə addımlardır”.

Paylaşımında Pakistanlı nazir ABŞ-ın vitse-prezidenti JD Vensi, dövlət katibi Marko Rubionu, İranın xarici işlər naziri Abbas Əraqçini və ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofu da etiketləyib.

Qeyd edək ki, regionda gərginlik son aylarda artıb. İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda – fevralın 28-də İrana hərbi hücumlara başlayıb. Buna cavab olaraq İran İsrailə, eləcə də ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə müəyyən etdiyi hədəflərə zərbələr endirib.

Münaqişə nəticəsində ciddi itkilərin olduğu bildirilir. ABŞ-İsrail hücumları zamanı İranın keçmiş lideri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin həlak olduğu qeyd edilir.

Nigar,

Sitat.info 



Xəbər xətti