İsrail uzunmüddətli müharibələrə hazırlaşır - TƏHLİL

12:35 30 Mart 2026

İsrail regionda artan təcrid və gərginlik fonunda uzunmüddətli hərbi strategiya qurur və bir neçə cəbhədə müharibələrə hazırlaşır.

Sitat.info xəbər verir ki, bu sözləri “Al Jazeera”ya müsahibəsində Doha Ali Tədqiqatlar İnstitutunun nümayəndəsi Məhəmməd Əlmasri deyib.

O, qeyd edib ki, İsrailin tarixində ən böyük olan 271 milyard dollarlıq son büdcəsi ölkənin müxtəlif istiqamətlərdə müharibə aparmaq niyyətini göstərir.

Ekspert vurğulayıb ki, ABŞ hər il İsrailə təxminən 3,8 milyard dollar həcmində hərbi yardım göstərir və müharibə dövründə bu məbləğ daha da artır.

“Lakin hesab edirəm ki, İsrail daxilində müəyyən anlayış formalaşır ki, vəziyyət dəyişə bilər. ABŞ-da siyasi mənzərə dəyişir. Getdikcə daha çox amerikalı yalnız İsraili deyil, həm də ABŞ-ın İsrailə dəstəyini tənqid edir”, – deyə Əlmasri bildirib.

Onun sözlərinə görə, yeni büdcə İsrailin özünü müharibələrin son mərhələsində deyil, əksinə, ortasında və ya başlanğıcına yaxın gördüyünü göstərir.

Əlmasri əlavə edib ki, İsrailin baxışına görə, Suriyadan Livana, Fələstin ərazilərindən İrana qədər uzanan geniş coğrafiyada uzunmüddətli münaqişələrin davam etməsi ehtimalı yüksəkdir.

Aytac,

Sitat.info



Xəbər xətti