Bir araya gələn üç siyasi partiya nələri müzakirə etdi - FOTOLAR, VİDEO

14:50 5 Oktyabr 2022

"Siyasi Partiyalar haqqında" yeni qanun layihəsi ölkədə siyasi plüralizmin və çoxpartiyalı siyasi sistemin formalaşdırılmasına xidmət etmir"

Ötən gün Azərbaycan Demokrat Partiyasının qərargahında Azərbaycan Xalq Partiyası, Azərbaycan Demokrat Partiyası və Azərbaycan Yüksəliş Partiyasının genişləndirilmiş formatda toplantısı olub.

 

Sitat.info xəbər verir ki, toplantıda hər üç partiyanın liderləri ilə yanaşı, partiyaların siyasi komandasına daxil olan digər rəhbər şəxslər də iştirak edib. Toplantıda "Siyasi Partiyalar haqqında" Qanuna əlavə və dəyişikliklərlə bağlı cəmiyyətə təqdim olunan layihənin ilkin variantı ətrafında fikir mübadiləsi aparılıb, yeni qanun layihəsi maddə-maddə incələnib, bunun Azərbaycan Respublikasının (AR) Konstitusiyası və ölkəmizin qoşulduğu müvafiq beynəlxalq konvensiyalara, paktlara, hüquqi normalara uyğun olub-olmaması barədə görüş iştirakçılarının fikirləri dinlənilib. Sözügedən qanun layihəsinin qəbul olunacağı halda, ölkədəki ictimai-siyasi vəziyyətə mümkün mənfi və müsbət təsirləri, doğuracağı siyasi nəticələri barədə  danışılıb. 

 

Müzakirələrin gedişində belə fikir formalaşıb ki, "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsi ölkədə siyasi plüralizmin və çoxpartiyalı siyasi sistemin formalaşdırılmasına xidmət etmir,  beynəlxalq hüquq standartlarından çox uzaqdır və AR Konstitusiyasının, beynəlxalq qanunvericiliyin insan hüquq və azadlıqlarına dair bir cox müvafiq maddələri ilə ziddiyyət təşkil edir.

Qeyd olunub ki, belə bir qanunun qəbul olunması ölkədə insan hüquq və azadlıqlarının, demokratiyanın, siyasi fəaliyyət azadlığının daha da məhdudlaşdırılması üçün hüquqi-siyasi zəmin formalaşdıracaq.

Fikirlərdən biri bu olub ki, bu qanun qəbul olunacağı təqdirdə, siyasi iqtidar öz rəqiblərini sıradan çıxarmaq məqsədilə müəyyən inzibati tədbirlər üçün hüquqi baza əldə etmiş olacaq. Bu isə ölkədə ictimai-siyasi münasibətlərdə kifayət qədər riskli vəziyyətin yaranmasına səbəb ola bilər. Belə bir qanunun beynəlxalq miqyasda təqdir olunacağı da şübhəlidir. 

Müzakirələrdə qeyd olunub ki, ümumiyyətlə, qanunların o zaman əlavə və dəyişikliklərə zərurəti yaranır ki, cəmiyyətdə ictimai-siyasi münasibətlərin mövcud qanunlarla tənzimlənməsində dərin problemlər yaranır. Yeni qanunlar isə məhz yeni ictimai-siyasi münasibətlərin tənzimlənməsi üçün yaradılır. Məqsəd də ölkədə siyasi inkişafa, vətəndaş həmrəyliyinə, dövlətçiliyin əsaslarını möhkəmlətməyə, ölkənin beynəlxalq miqyasda nüfuzunu gücləndirməyə nail olmaqdır. Görünən odur ki, hazırda cəmiyyətdə müzakirəsi gedən qanun layihəsinin ilkin variantı mövcud "Siyasi Partiyalar haqqında" qanundan daha aşağı standarta uyğun bir qanun layihəsidir. Konstitusiyaya və beynəlxalq hüquqa zidd qanunun qəbul olunması isə ölkədə ictimai-siyasi münasibətlərin tənzimlənməsində yetərsiz qalacaq. Ən ciddi problem isə odur ki, belə bir qanunun qüvvəyə minməsi ölkədə qeyri formal, qeyri-leqal siyasi fəaliyyətə rəvac verəcək, həmçinin destruktiv siyasi qüvvələrin öncül mövqeyə çıxması kimi arzulanmayan bir vəziyyət yarada bilər. Elə buna görə də, yekdil fikrə əsasən, "Siyasi Partiyalar haqqında" yeni qanunun, layihənin ilkin variantında təklif edilən bu müddəalarla qəbul olunması yolverilməzdir. 

Hər üç partiya bu qənaətdədir ki, "Siyasi Partiyalar haqqında" yeni qanun layihəsinə beynəlxalq qanunvericilik standartlarından qat-qat uzaq, bəzi yerlərdə hətta anlaşılmayan, respublikanın hazırkı müvafiq qanunvericiliyilə ziddiyyət təşkil edən əlavə və dəyişikliklərin təklif olunması, ölkədə siyasi münasibətlərin normallaşmasından ötrü son iki il ərzində siyasi iqtidar tərəfindən siyasi təşkilatlarla başladılmış dialoq prosesini şübhə altına alır. 
Sonda  qərara aldı ki, "Siyasi Partiyalar haqqında" yeni qanuna əlavə və dəyişikliklərə dair layihənin ilkin variantı, birgə yaradılacaq İşçi Qrupu tərəfindən bir daha incələnsin, qanun layihəsindəki hüquqi normalarla bağlı ziddiyyətlər müəyyənləşdirilsin, daha təkmil bir qanun layihəsinin ortaya çıxarılması üçün mütərəqqi təkliflər və rəy hazırlansın.

Səid,

SİTAT.İNFO




Xəbər xətti