“Tarixin müəyyən dövrlərində İranı türklərin idarə etməsinə baxmayaraq, İran daima ermənipərəst mövqe nümayiş etdirib. Azərbaycan 1991-ci ildə müstəqil olduqdan sonra İran Azərbaycanda aktiv siyasət aparıb. Birinci Qarabağ müharibəsində İran öz dövlət maraqları çərçivəsində Ermənistana hərbi dəstək verib. İranın ermənipərəstliyi bu gündən sonra da davam edəcək”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında politoloq Teymur Qasımlı səsləndirib. Ekspert İranın bu gün belə, Azərbaycana qarşı açıq düşmənçilik etməsinin və paralel olaraq Ermənistana dəstək verməsinin səbəblərindən söz açıb:
“İranın Ermənistana dəstək verməsi onun milli təhlükəsizlik maraqlarından irəli gəlir. Son Ermənistan-Azərbaycan gərginliyindən sonra İran Ermənistana daha çox yaxınlaşıb. Ümumiyyətlə, İran son vaxtlar olduqca hiyləgər siyasət yürüdür. Hazırda Gürcüstanla yaxınlaşmağa cəhd edir. Bundan əlavə, Rusiya ilə də münasibətləri inkişaf etdirir. İran Ukraynadakı müharibədə Rusiyaya dəstək göstərərək silahlar verir. Bunun qarşılığında isə Rusiyadan nüvə silahı üzərində işlərin yekunlaşdırılmasıyla bağlı dəstək ala bilər. Hazırda Rusiyanın Ukrayna ilə müharibəyə başı qarışdığı üçün Ermənistanda mövqeləri zəifləsə də, İran vasitəsilə oyununu oynayır - Ermənistana təzyiq edir.
İrana isə Rusiyanın bu vəziyyəti sərf edir. Çünki ABŞ ilə arasındakı gərginlik davam edir. Ermənistan isə Qərbə, ABŞ-yə meyil edir. İran bunu istəmir. Ona görə də Qafanda konsulluq açanda İranın xarici işlər naziri: “Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”, - dedi. Yəni son proseslərdə həm də Ermənistan hakimiyyətinin Vaşinqtona meyillənməsinə qarşı atılan addımların nəticəsidir”.
Siyasi şərhçi İranı Azərbaycanla bağlı narahat edən məqamları da diqqətə çatdırıb:
“İran müstəqil Azərbaycan dövlətini qəbul etmir və özünün milli təhlükəsizliyinə təhdid hesab edir. 12-14 sentyabr hadisələrində Azərbaycanın bəzi məntəqələrə nəzarəti bərpa etməsi İranı bərk qəzəbləndirib. İsrailin müdafiə nazirinin Azərbaycana səfəri də İranı narahat etdi. Ona görə də anti-Azərbaycan siyasətini açıq nümayiş etdirir.
İranın daxilində də vəziyyət yaxşı deyil, klanlar arasında mübarizə gedir. Xamenei oğlunu hakimiyyətə gətirmək istəyir, ona görə də düşmən obrazı yaradaraq - fikirləri Azərbaycana qarşı yönəldərək - daxildə sabitlik yaratmağa çalışır. Amma bütün bunların müharibəyə səbəb olacağını düşünmürəm”.