"Hətta parlamentdə təmsil olunan partiyaların da tən yarısının fəaliyyəti yoxdur" - Arzuxan Əlizadə

15:45 15 Noyabr 2022

"Ölkədə 60 siyasi partiya qeydiyyata alınıb. Amma yarısından çoxunun fəaliyyəti görünmür. Parlamentdə YAP daxil olmaqla 11 partiya təmsil olunur. YAP-dan kənar 10 partiya deməkdir. Bunlar sistem partiyalarıdır. Hətta parlamentdə təmsil olunan partiyaların da demək olar ki, tən yarısının fəaliyyəti yoxdur".

Bu sözləri Sitat.info-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə hüquq müdafiəçisi Novella Cəfəroğlunun "xırda partiyalar birləşməlidir" fikrinə cavab olaraq bildirib.

Onun sözlərinə görə, ola bilər ki, partiya sədrləri parlament üzvləri olaraq bu və digər formada görünürlər, amma onların da 4-5 nəfərini çıxmaq şərtilə digərlərinin fəaliyyəti qənaətbəxş deyil: "Hətta mətbuatda bu və ya digər məsələlərə münasibətdə belə həmin partiyaların nəinki üzvləri, hətta sədrlərini də bir çox hallarda görmürük.  Parlamentdən kənar partiyaların da çərçivəsində 5-6 partiya istisna olmaqla, digərlərinin demək olar ki, fəaliyyəti yox səviyyəsindədir".

A.Əlizadə vurğuladı ki, bu Azərbaycan reallığıdır və parlamentdə təmsil olunan partiyalar dövlət büdcəsindən maliyyələşdirildikləri halda belə fəaliyyətləri yoxdursa, uzun illər ərzində heç bir maliyyə qaynaqları olmayan siyasi təşkilatların bu cür ayaq üstündə qalmaları özü də bir ciddi məsələdir: " Təbii ki, partiyaların gücünü müəyyənləşdirmək üçün ölkədə real seçkilərin keçirilməsinə ehtiyyac var. Yalnız seçkilər yolu ilə hansı partiyanın hansı gücdə olmasını, elektoratının hansı səviyyədə olmasını müəyyənləşdirmək mümkündür. 

Təəssüflər olsun ki, ölkədə proporsional seçki yoxdu . Ona görə də siyasi partiyaların gücünü də müəyyənləşdirmək bir o qədər də mümkün deyil. Artıq 20 ildir ki, bu məsələ ilə bağlı referendrum keçirilib, proporsional seçki sistemi ləğv olunub. Propesional seçki üsulunun olmaması partiyalaşma sisteminə çox ciddi mənfi təsir göstərir. Ona görə də bir nəfər 2-3 min səs almaqla partiyada sədr olur, dövlət büdcəsindən maliyyələşir, amma fəaliyyəti yoxdur. Amma onlarla namizədi ilə parlament seçkilərində çıxış edərək mojaritar qaydada parlamentə buraxılmayan siyasi təşkilatlar və partiyalar var ki, parlamentdə təmsil olunmurlar, dövlət büdcəsinə maliyyələşmirlər və öz gücləri hesabına ayaqda qalmaq zorundadırlar. Burdada 5-6 partiyanı göstərmək olar ki, bütövlükdə ölkənin siyasi gündəmində öz rolları var. Məsələlərə münasibət bildirirlər, ən azından partiya olaraq fəaliyyətləri göz önündədir".

A.Əlizadə hesab edir ki, yerdə qalan partiyaların təbii ki, ayrı-ayrı müxtəlif partiyalarla birləşməsi daha doğru olardı: "Siyasi partiyalar haqqında qanun qəbul olunacaq. Görünür  bundan sonra gündəmdə var ki, referendrum yolu ilə proporsional seçki sistemi bərpa olsun. Yalnız bundan sonra partiyalaşma institutunun yenidən formalaşmasını proqnozlaşdırırıq. Yəqin ki, fəaliyyəti olmayan partiyaların sıradan çıxması və ya bir neçə partiyanın tək partiya halında birləşməsinə şahidlik edə bilərik. Əslində Azərbaycan reallığında QHT ilə bağlı eyni fikiri demək mümkündür. Novella xanım vətəndaş cəmiyyətinin tanınmış simalarından biridir. Vətəndaş cəmiyyətindədə çox ciddi problemlər var. Qeyri-hökumət təşkilatlarının fəaliyyətində də ciddi problemlər var. 4 mindən artıq qeydiyyatdan keçmiş QHT var, amma bunların neçəsi fəaldır? Baxmayaraq ki, QHT-lərin bəlli bir hissəsi qrantlar alırlar və dövlət büdcəsindən onlara maliyyə ayrılır . Eyni zamanda bir sıra donor təşkilatları var ki, onlar tərəfindən maliyyələşirlər. Partiyalardan fərqli olaraq buna imkanları çatır. Amma fəaliyyətləri hansı səviyyədədir?"

Səid,

SİTAT.İNFO

 



Xəbər xətti