İkinci Qarabağ müharibəsində işğalçı Ermənistanın şiddətli təcavüzünə məruz qalan bölgələrimizdən biri də Tərtər rayonudur.
44 günlük müharibə dövründə düşmən dinc əhaliyə, mülki obyektlərə vəhşi hücumlar həyata keçirib, onlarla dinc sakinin ölümünə, yüzlərlə evin, sosial obyektlərin dağılmasına bais olub. Hesablamalara görə, müraribə ərzində Tərtər rayonunun qeyri-döyüş ərazilərinə 16 minə qədər mərmi atılıb. Statistika erməni vəhşiliyinin miqyası barədə aydın təsəvvür yaradır: ay yarımlıq müddətdə ermənilər Tərtərdə 16 orta məktəb, 1 peşə-ixtisas məktəbi, 12 bağça, 10 tibb müəssisəsi, 7 mədəniyyət ocağı, 30 inzibati binanı top atəşləri ilə dağıdıb, 103 nəqliyyat vasitəsini, 18 kənd təsərrüfatı texnikasını, 132 iri və xırdabuynuzlu heyvanı məhv edib, əhaliyə və şirkətlərə məxsus 505 əkin sahəsini yararsız hala salıb. Bundan əlavə 60 fərdi yaşayış evi və mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt, 8 nəqliyyat vasitəsi sıradan çıxarılıb.
Rayonda düşmən tərəfindən dağntılara məruz qalmış 6879 obyektin 6648-i dövlət tərəfindən bərpa-təmir kateqoruyasına aid edilərək ya təmir olunub, ya da sökülərək yenidən tikilib. Bütün bu məlumatlar Qarabağ Azadlıq Təşkilatının “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər barədə materialların toplanması və təbliği” layihəsi çərçivəsində Tərtər RİH-i və QAT Tərtər rayon təşkilatı ilə birgə həyata keçirdiyi tədbir zamanı səsləndirilib və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün qeyd edilib.
Tərtər şəhərinin mərkəzində yerləşən Şikar Şikarov adına 5 saylı tam orta məktəbin hazırkı vəziyyəti erməni faşizminin vəhşi simasının aşkar göstəricisidir. Müharibə zamanı məktəbin yerləşdiyi əraziyə ardıcıl olaraq bir neçə raketin atılması sübut edir ki, düşmənin məqsədi məhz dinc əhalini, günahsız uşaqları məhv etmək olub. Təhsil ocağının divarları top mərmilərinin qəlpələrindən deşik-deşikdir. Sinif otaqlarındakı lövhələrdə isbatı yarımçıq qalmış riyazi teoremlər, divarlardakı cırılmış coğrafi xəritələr, şagirdlərin əl işlərinin künc-bucaqda toz-torpağa batması ermənilərin mədəni soyqırım törətdiklərinin əyani sübutudur.
Hökumətin qərarı ilə məktəbin açıq səma altında müzeyə çevrilməsi erməni vandallarının mədəni irsimizə vurduqları zərərlər barədə həqiqətlərin gələcək nəsillərin yaddaşlarına hopdurulması üçün təsirli eksponatdır. Eynilə şəhərin digər hissəsində top atəşləri ilə məhv edilmiş fərdi yaşayış evi də açıq muzey statusunda bərpa edilməmiş qalacaq. Ev sahiblərinin təsadüfən başqa yerdə olması səbəbincə atəş vaxtı ölən olmayıb. Lakin dağıdıcı zərbələr nəticəsində yaşayış evinin düşdüyü vəziyyət mədəni soyqırım abidəsi kimi ermənilərin tarixi vəhşiliyini özündə yaşadır.
Əskipara kəndinin sakini, ağbirçək Bürliyan Vəliyevanın da evi dağılmış evlər siyahısındadır. Evin yerləşdiyi ərazinin durmadan atəşə tutulması nəticəsində nəinki yaşayış sahəsi, həm də həyətdəki tövlələr də tamamilə dağılıb. Bu da onu sübut edir ki, düşmən, ümumiyyətlə, ərazilərimizi yer üzündən silmək məqsədini güdüb.
QAT heyəti dağıdılmış və müharibədən sonrakı dövrdə dövlət tərəfindən bərpa edilmiş evlərə baş çəkəndən sonra Tərtər rayonunda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş əsgərlərimizin - şəhidlərimizin şərəfinə salınmış Vətən parkını da ziyarət etdilər. İrandan köçürülmüş ermənilərin vaxtilə yaşadıqları Marağa kəndinin yaxınlığında salınmış park böyük bir ərazini əhatə edir. Parkın başlanğıcında isə ermənilərin Qafqaza gəlmə millət olduğunu sübut edən bir abidənin qalıqları yerləşir. Bu abidənin də ətrafı səliqəyə salınaraq qorunur. Niyə?
Tarix elmləri namizədi olan QAT sədri Akif Nağı RİH-nin nümayəndəsi və heyət üzvlərinə bu haqda ətraflı məlumat verdi: “1828-ci il Türkmənçay müqaviləsinə görə Rusiya tərəfindən İranın Marağa vilayətində yaşayan ermənilərin böyük bir hissəsi Azərbaycana köçürülüb. Burada salınmış kəndin adının Marağa olması da təsadüfi deyil. 1978-ci ildə isə ermənilər Tərtərə gəlmələrinin 150 illiyi münasibətilə bu abidəni özləri tikiblər. Lakin Qarabağın Ermənistan tərəfindən işğalı başlayanda artıq abidə bir tarixi fakt kimi düşmənin əleyhinə işləməyə başladı. Bu səbəbdən erməni faşistləri özlərinin qoyduqları abidəni məhv etdilər. İnsan olan kəs nə qədər qəddar olmalıdır ki, özünə aid mədəni sərvəti də siyasi məqsədlərinə görə dağıtsın!?”
Ətrafdakı stendlərdə abidənin işğaldan əvvəlki vəziyyətinin şəkilləri nümayiş olunur və ziyarətçilərə tarixi həqiqətlərlə erməni saxtakarlığı arasındakı təzadı aydın göstərir. Həmin abidədən başlayan Vətən bağının girişində İkinci Qarabağ müharibəsindəki zəfərimizin rəmzi olan “Xarıbülbül gülü” və xalqımızın vuran əli olan “dəmir yumruq” abidəsi ucalır. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən layihəni gerçəkləşdirən nümayəndə heyəti Dəmir Yumruq ətrafında şəkil çəkdirməklə erməni vandallarına qarşı mübarizənin hələ davam edəcəyinə işarə etdilər.
Qarabağ Azadlıq Təşkilatı