Ermənistan baş naziri Nikol Paşinyan dünən mətbuat konfransı keçirib. O Laçın yolundakı duruma görə Kremli tənqid edib. Hökumət başçısının sözlərinə görə, Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir.
Paşinyan bildirib ki, durum ictimaiyyətə açıqlanıb, lazımi qiymət verilib: “Laçın dəhlizinin işini Rusiya sülhməramlıları təmin etməlidir. Bu, üçtərəfli sazişlərdə də öz əksini tapıb”.
Məlum olduğu kimi, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 1 aydır davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Rəsmi İrəvan azərbaycanlı ekofəalların etirazından bizə qarşı təzyiq aləti kimi istifadə etməyə çalışırdı. Ermənistan hakimiyyəti belə rəy yaratmaq istəyirdi ki, guya qondarma respublikada humanitar böhran yaranıb. Amma bu cəhdlər nəticə vermədi.
Ona görə də Ermənistan “B variantı”na əl atıb və Rusiyanı proseslərə çəkmək istəyir.
Bu, Paşinyanın rus sülhməramlıları ilə bağlı ilk tənqidi fikirləri deyil. Hökumət başçısı əvvəllər də oxşar açıqlamalar verilib. Bu fikirlərin arxasında iki məqsəd dayana bilər: ya Paşinyan rus hərbçilərinin mandatının uzadılmasına nail olmaq istəyir, ya da əksinə, onların fəaliyyətsizliklərinə diqqət çəkərək sülhməramlılardan, dolayısı ilə Rusiya təzyiqindən “canını qurtarmaq istəyir”. İndiki halda ikinci variant daha çox ağlabatandır.
Paşinyan özü də başa düşür ki, aksiyaların səbəbi ekoloji terror, həmçinin təbii sərvətlərimizin mənimsənilməsidir. O, bu məsuliyyətdən boyun qaçırmaq istəyir. Ona görə də Rusiyanı ittiham edir. Lakin məsələ burasındadır ki, Paşinyan sülhməramlılardan öhdəliklərini yerinə yetirmələrini tələb edirsə, xatırlamalıdır ki, onda rus hərbçiləri indiyədək ermənilərin qanunsuz fəaliyyətinə mane olmalı idi.
Sözsüz ki, sülhməramlılar azərbaycanlıların ekoloji aksiyalarına etiraz bildirə bilməzlər. Birincisi ona görə ki, biz öz torpağımızdayıq. İkincisi, ekofəallar dinc aksiya keçirir və humanitar təyinatlı maşınların hərəkətinə mane olmur, onların gediş-gəlişinə şərait yaradır.
Əgər sülhməramlıların aksiyaya müdaxilə etmək haqqı olsa idi, bunu çoxdan edərdilər. İndiki halda isə bu yersiz davranış olmaqla yanaşı, həm də Moskva – Bakı münasibətlərinə zərbə vurar. Kreml rəhbəri bunu başa düşür.
Əlbəttə, Rusiya Ermənistanın “şıltaqlığına” görə Azərbaycanla münasibətləri pisləşdirmək istəməz.
Paşinyanın üçtərəfli sazişi tələblərini xatırlatması da əbəsdir. Belə ki, həmin sənəddə göstərilib ki, sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyi təmin etməlidirlər. Sual yaranır: niyə Paşinyan indiyədək, özlərinin qanunsuz fəaliyyətləri müddətində bunu xatırlamırdı? İkinci bir tərəfdən isə, azərbaycanlı fəalların aksiyası təhlükəsizliyə təhdid deyil. Əksinə, bəlkə də, regiondakı nizamın təminatıdır. İndi sülhməramlılar da, ermənilər da daha diqqətli davranmağa məcburdurlar.
Siyasi şərhçi Kənan Novruzov
Xüsusi olaraq Sitat.info üçün...