“Ermənifobiya” deyil, cinayətlər nifrət doğurur FOTO

18:40 3 Mart 2022

"Vətən müharibəsində işğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi cinayətlərin tədqiqi dəhşətli görüntüləri üzə çıxarır. Qarabağ Azadlıq Təşkilatının “İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyət, insan faciələri, dağıntılar, dinc əhaliyə dəyən zərərlər barədə materialların toplanması və təbliği” mövzusunda həyata keçirdiyi layihənin növbəti ünvanı olan Bərdə şəhərində baş vermiş faciələr insanlarda təsəvvürəgəlməz nifrət doğurur."


Bu barədə QAT-ın Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumatda bildirilib.

"Müharibələrdə adətən hərbçilər döyüşür, yaxud da yazılmamış qanunlara görə əliyalın insanlara atəş açılmır. Hətta döyüşdə uduzan hərbçilərin də dinc sakinlərə odlu silahdan atəş açmaları hiddət doğurur. Lakin faşizmin ən yeni və əzazil təzahürlərindən olan “ermənilik ideologiyası” özü bir nifrət formuludur və buna görə də insanlığa qarşı çevrilib. Bərdə faciələrinin xarakteri bu formulu təsdiqləyir. Belə ki, erməni qoşunları ön cəbhədə Azərbaycan ordusunun qarşısında davam gətirmədiyindən uzaqvuran artilleriya atışları, raketlərlə döyüş nöqtəsindən 30-50 kilometr uzaqda yerləşən şəhərlərin sakinlərini hədəfə alaraq qisasçılığa can atıblar. Nəticədə güllə atmağı belə bacarmayan insanlar həyatlarını itirib və ya yaralanıb. Bu səbəbdən təkcə Bərdə şəhərində 28 mülki şəhid və onlarla əmək qabiliyyətini itirmiş insanlar var.

Taksi sürücüsü Elçin Şirinov 2020-ci ilin oktyabrınadək işləyib ailəsini dolandırmaqla məşğul idi. Oktyabr ayının 27-də əhalinin “ayaq körpüsü” adlandırdığı dairəvi yolda, rəsmi olaraq Bakı küçəsinin ərazisində baş vermiş partlayışlar onun sakit həyatına son qoyub. Erməni quldurların atdıqları onlarla bomba həmin əraziyə düşüb və güclü dağıntılar törətməklə yanaşı çoxlu sayda insanın həyatına son qoyub. Həmin an dayanacaqda olan maşınlara da ciddi ziyan dəyib. Maşınını dayanacaqda saxlayıb müştəri gözləyən Elçinin maşınına da kaset bombası düşüb. Həmin anı zərərçəkən belə xatırlayır: “Qəfil partlayışdan nə baş verdiyini dərhal anlamadım. Bir anda hər yanı toz-duman bürüdü. Ətrafda insanların çığırtısı gəlir, insanlar bir-birlərini haraylayırdılar. Maşınıma bomba düşən kimi yanğın başladı. Ancaq özümü itirmədim. Dərhal qapını açıb bayıra çıxmağı düşündüm. Yerimdən tərpənəndə gördüm ki, ayağımı tərpədə bilmirəm. Diqqət edəndə gördüm ki, ayağım kəsilib və sanki bu saat üzülüb yerə düşəcək. Kəskin ağrıdan az qalırdı nəfəsim kəsilə”. Həkimlərin müayinələrindən sonra bəlli olub ki, E.Şirinovun mədəsinin, ciyərinin bir hissəsi qəlpələrdən parçalanaraq sıradan çıxıb, burnu, dişləri qırılıb, gözündən yaralanıb, qolu işləmir, bədənində çoxlu qəlpələr qalıb. Bu azmış kimi, evinə ciddi ziyan dəyib. Ayağı protezdir. 3 dəfə əməliyyat olunsa da,bu, yetərli deyil, daha 2 dəfə əməliyyat olunmalıdır. Elçin qabiliyyətini itirib, əli işləmir.

Bombaların düşdüyü yol dairəsində Bərdənin qeyri-döyüş şəraitində şəhid olmuş sakinlərinin xatirəsinə memorial kompleksi yaradılıb, əhali hər gün ora gəlir, qohumlarının, dostlarının həmşəhərlilərinin xatirəsini anır. Aldığı zədələr və psixoloji sarsıntı nəticəsində tez-tez yuxudan qışqırıb ayılan Elçin ermənilərlə barışıq məsələsinə belə münasibət bildirir: “Yox, dostluq olmaz, mən onları necə bağışlayım, biz döyüş meydanında vuruşduq, onlar isə silahsız insanlara hücum etdilər, onlarla necə barışım mən?!”.

Bərdənin digər bir küçəsində yaşayan İlqar Fərzəliyevin evi də erməni vandalların atdığı bombaya tuş gəlib. Həmin vaxt evdə ailəli-qonaqlı 10-a qədər insan olub. Ancaq ev xeyli böyük olduğundan və bomba insanların yığışmadığı küncdəki otağa düşdüyündən ölüm-itim baş verməyib. Dərhal başlayan yanğından ailə və qonaqlar qurtula bilsələr də, ev yanıb külə dönüb. Həyətdəki avtomobillər qəlpələrdən deşik-deşik olub. Hadisənin dəhşətindən insanlarda ciddi psixi pozuntular yaranıb. İlqar Fərzəliyevin qızı Səbinə isə gəlin olduğu evdə yaralanıb. Onun qaynanası Şəhriyar Mehdiyeva aynabəndin qapısı ağzında telefonla danışdığı zaman həyətə bomba düşüb və partlayış nəticəsində ətrafa yayılan qəlpələrdən ikisi ona dəyib. Qəlpələrdən biri qadının kürəyindən girib ürəyindən çıxıb. Partlayış dalğasından pəncərələrin şüşələri sınaraq ətrafa uçub. Həmin şüşə qırıntıları mətbəxdə qab yuyan Səbinəni yaralayıb. Yaralı gəlin “mama” dediyi qaynanasının arxasınca bayıra qaçıb və pilləkənin ağzında Şəhriyar xanımın cansız vicudu ilə qarşılaşır və gördüyü mənzərə onu sarsıdır.

Erməni vəhşiliyinin zərərçəkənlərindən biri də Anar Adıgözəlovdur. C.Cabbarlı küçəsinin sakini olan Anar işdə olan vaxtı bombardmana düşüb və ciddi yaralanıb. İndi onun sağ qolu çətinliklə hərəkət edir, sinirləri zədələnmiş bir neçə barmağı isə açılmır. Yəni, bu adam da iş qabiliyyətini qismən itirib.
Bərdə sakini Mahir Muradovun qardaşı Tanrıverdi Birinci Qarabağ müharibəsində itkin düşüb. İkinci Qarabağ müharibəsində isə oğlanları Tanrıverdi və Məhərrəm Bərdə küçələrində ermənilərin bomba hücumuna məruz qalıblar. Uşaqlardan kiçiyi Məhərrəm partlayışdan sonra yaralanmış Tanrıverdini qucağına alaraq ilk rastlaşdığı həyətə qoyur, sonra isə gözü qarşısında yaralanaraq qan içində olan FHN-nin əməkdaşının dalınca gedir. Bu zaman onun lap yaxınlığına partlayın növbəti bomba Məhərrəmi ağır yaralayır. İndi Məhərrəmin bir gözü amputasiya olunub. Bədənində hələ də qalpələr var. 3-cü qrup əlildir. Keçirdiyui sarsıntılar onu çətin vəziyyətə salır, tez-tez dili qatlanır. Ömrünün axırına qədər müvafiq dərmanlar qəbul etməlidir.
Ermənistanın quldur ordusunun qeyri-insani fəaliyyəti nəticəsində faciəli şəkildə həlak olan Leyla Mustafayeva, Qarayusifli kəndində 7 yaşlı qızını itirən Rövşən İsgəndərov, anası qətlə yetirilən İsa Cəfərov, Aybəniz Xəlilova və başqalarının fəlakətli taleyi erməni barbarlığını ittiham edən real faktlardır.
QAT heyəti zərərçəkənlərlə görüşlərdə, hər kəsə bir sualla müraciət edirdi: Ermənilərlə barışığa, yenidən dostluq münasibəti qurulmasına necə baxırsınız? Alınan cavablar hamısı mahiyyətcə eyni idi:-Ermənilərə etibar etmək olmaz. Onlar həmişə bizə arxadan zərbə vurublar. Əməllərindən görünür ki, bizim xalqımızı yer üzündən silmək arzusunda olublar. Buna görə də onları bağışlaya bilmərik. Dostluq etmək də faydasızdır, xəyanətkarla nə dostluq?!
Qeyd edək ki, QAT-ın həyata keçirdiyi layihə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir." -, deyə xəbərdə  qeyd edilir.
 



Xəbər xətti