“Ötən ay dekabrın 12-də aksiya başlayan an dərhal Başqanımız Tural Abbaslının rəhbərliyi ilə Xankəndi-Laçın yoluna getmək üçün müraciət ünvanladıq. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də müraciət etmişdi. Lakin bizlərə icazə verilmədi. Gəldiyimiz qənaət bu oldu ki, aksiyanın ilk günlərdən siyasiləşməsində maraqlı olmayan tərəflər var. Haradasa bəlkə onlara da haqq vermək olar. Sonrakı günlərdə də icazə ala bilmədik. Digər siyasi partiyalardan müraciətlərin olması barədə nəsə deyə bilmərəm, çünki rast gəlməmişəm. Ola da bilər. Amma düşünürəm ki, siyasi partiyalara da aksiyada iştirak etmək üçün izn verilsəydi, çox yaxşı olardı. Bir sözlə necə ki, 44 günlük Vətən müharibəmizdə, eləcə də, ondan sonra bu günə qədər milli məsələlərdə iqtidar-müxalifət birliyi nümayiş etdirildi, həmin birlik Xankəndi-Laçın yolunda da göstərilsə, bunun müsbət tərəfləri daha çox olardı, bütün dünya bir daha Azərbaycandakı bu birliyə şahidlik edərdi. Amma hələ də gec deyil. Çünki aksiya davam edir. Bütün bunlar barədə düşünülsə, çox yaxşı olardı”.
Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya sözçüsü , siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Siyasi şərhçi sivil aksiyanın sonluğunun nə ilə nəticələnə biləcəyi barədə də təxminlərini sadaladı: “Xankəndi-Laçın yolu aksiyasında bir ay ərzində müəyyən qədər hədəflərimizə çatdıq. İlk hədəfimiz isə ondan ibarət oldu ki, bir daha bütün dünyaya nümayiş etdirdik ki, Azərbaycan Xankəndi hədəfindən bir addım da geri çəkilməyib, orada qondarma rejim fəaliyyət göstərir, Azərbaycan o rejimi dəstəkləyən bütün gücləri qarşısına alsa belə, qardaş Türkiyəni yanında hiss edərək, həmin “Dağlıq Qarabağ Respublikası”nı birdəfəlik tarix edəcək...Erməni tərəfin təlaşı göz önündədir. Bunu nəzərə alıb, maksimum dərəcədə aksiyanın ömrünü uzatmaq lazımdır. Hesab edirəm ki, aksiya iştirakçılarının da əsas hədəfi budur və inşallah, o hədəflərə çatacağıq”.
C.Abbaslı Rusiyanın aksiya ilə bağlı susqunluğuna da toxundu: “Əvvəlki müsahibələrimdə də demişəm. Hazırda Rusiya Ukraynada ya davam, ya da tamam savaşı aparır. Şimal qonşumuz istəməz ki, Azərbaycan kimi düşməni əzən qalib ölkəni qarşısına alıb, darmadağın olmuş dövlətin indiki vəziyyətdə yanında olsun. Təbii ki, burada Paşinyan amili də mühüm rol oynayır. Erməni baş nazirlə Kremlin “ulduzları hələ də barışmayıb”. Hətta versiyalar var ki, Moskva onu əvəzlənmək niyyətindədir. Rusiyanın susqunluğu ilə bağlı da bir faktor Türkiyə amilidir. Əgər susmasa nə olacaq? Azərbaycanla yanaşı ona qardaş olan Türkiyəni də qarşısına alacaq ki, bu Rusiyanın çökməsi ilə nəticələnə bilər. Hazırda şimal qonşumuzun regionda ən yaxından əməkdaşlıq etdiyi ölkə güclü Türkiyədir. Onsuz da bütün dünyada təkləndiyini görən Rusiyaya indi bir yaramaz Ermənistana görə, yaxın müttəfiqini itirmək lazımdır? Baxın bu amillərə görə, Azərbaycan mövcud durumdan mütləq yararlanmalıdır. Təkcə aksiya ilə kifayətlənmək olmaz. Xankəndi məsələsini bu vəziyyətdən istifadə edib dərhal birdəfəlik həll etmək lazımdır.
Əks halda gələcəkdə nələrin baş verəcəyini indidən proqnozlaşdırmaq olmaz. Rusiya-Ukrayna savaşının nə ilə nətiəcələnəcəyini, Ermənistanda hansı proseslərin baş verə biləcəyini söyləmək tezdir. Bir də gördünüz, Rusiya işğalçı ölkədə revanşistlərə dəstək verib onları iqtidara gətirdi. Ondan sonra proseslərin axarı çox dəyişə bilər. Hazırda hər şey Azərbaycanın xeyrinə cərəyan edir. Bundan yararlanıb, Xankəndində antiterror əməliyyatına başlamalıyıq. Əminəm ki, indiki vəziyyətdə Azərbaycan bu əməliyyata başlasa, II Qarabağ savaşında müəyyən yerə qədər susqunluq nümayiş etdirən Rusiya bu dəfə çox şeyə göz yumacaq. Çünki nəzərə alaq ki, Vətən müharibəsi başlayanda şimal qonşumuz Ukrayna savaşına başlamamışdı...”.
Seymur Bənnayev,
Sitat.info