Ermənistan baş naziri Nikol Paşinyan dünən keçirdiyi mətbat konfransında deyib ki, Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alınıb. O bildirib ki, müzakirələrin dördüncü mərhələsi başlayıb.
Hökumət başçısı sülh perspektivinə sadiq olduqlarını və yaxın gələcəkdə Azərbaycanın təklifləri ilə bağlı mövqelərini təqdim edəcəklərini söyləyib.
Ermənistanın təxribatlarına baxmayaraq, tərəflər arasında təmaslar davam edir. Doğrudur, Paşinyan bütün imkanları ilə prosesi uzatmağa, vaxt qazanmağa çalışır. Amma özü də başa düşür ki, tez - gec Azərbaycanın şərtlərini qəbul etməli, sülh müqaviləsini imzalamalıdır. Əks halda rəsmi İrəvanın işi daha da çətinləşəcək və bu dövlət regional əməkdaşlıq layihələrindən təcrid olunacaq.
Kənan Novruzov
Ermənistan hökumət başçısı Azərbaycanla münasibətlərlə bağlı "balanslı" danışmağa çalışır. Əslində bu, başa düşüləndir. Çünki Ermənistan hakimiyyəti üzərində təzyiqlər var. Zaman- zaman Paşinyanı satqınlıqda ittiham edən kəsim onun iqtidarı üçün real təhdid yaratmaq gücündədir. Baş nazirin bir sıra hallarda Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlarının səbəbi də budur.
Paşinyan və digər rəsmilər əvvəllər də sülh perspektivinə sadiq olduğunu bildirib. Əlbəttə, bu, normaldır. Baş nazirin sülh əleyhinə çıxması da daxildə narazılığa səbəb olmaqla yanaşı, həm də xarici reaksiyalarla nəticələnə bilər. Bu, mövcud iqtidar üçün arzuolunan deyil.
Hökumət başçısının sülh perspektivinə sadiq olduğunu deməsi onun ən yaxın gələcəkdə sülh müqaviləsinin imzalamağa hazır olması kimi başa düşülməməlidir. Bunun üçün əvvəlcə həm daxildə, həm də xaricdə münbit şərait yaradılmalıdır. Hələ ki, həmin mühit yoxdur. Və Paşinyan bilir ki, sülh müqaviləsini imzalayarsa onun əleyhinə olan qüvvələr fəallaşacaq.
Buna baxmayaraq, regional və qlobal siyasi proseslərdən asılı olaraq, bu il yekun sülh müqaviləsinin imzalanması mümkündür.
Siyasi şərhçi Kənan Novruzov,
Xüsusi olaraq Sitat.info üçün