“Səfirliyin 4 nümayəndəsinin ölkədən deportasiya edilməsi İranın Azərbaycana qarşı yürütdüyü düşmən siyasətinə Azərbaycanın adekvat cavablarıdır”.
Sitat.info xəbər verir ki, bu sözləri yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri deyib.
O, İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşının – Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsindən, habelə diplomatik əlaqələrin tamamilə kəsilməsi ehtimalından söz açıb.
N.Mirinin sözlərinə görə, bu günə qədər Azərbaycan İranın bu cür düşmənçilik fəaliyyətinə qarşı çox səbirli davranıb:
“Məhz İranın təhlükəsizliyi və narahatlıqlarını nəzərə alaraq, uzun illər dost saydığımız İsrail dövləti ilə diplomatik səviyyədə münasibətləri qura bilmədik. İran bundan hansısa bir nəticə çıxardımı? Yox. Lap çıxardısa da, bu, Azərbaycan dövlətinin xeyrinə olmadı. Onlar dostluq əlini müsəlman Azərbaycanına deyil, xristian Ermənistanına açdı. Ermənistan isə səfirliyini İsraildə açıb. Baxmayaraq ki, Ermənistan İranla həmsərhəd ölkədir, İran buna səsini çıxarmadı.
Artıq İran səfirliyi əməkdaşlarının 48 saat ərzində Azərbaycan ərazilərindən çıxarılmasının məcburi olduğunu bəyan etmişdik. Bu qərara təəccüblənmədim. Əksinə, düşünürəm ki, bu, yetərli deyil, hətta İranın Azərbaycandakı diplomatik missiyasının səviyyəsi də aşağı endirilməlidir. 4 diplomat Azərbaycandan qovulsa da, hələ də səfir Seyid Abbas Musəvi Azərbaycanda fəaliyyət göstərməyə davam edir. Azərbaycanın isə İranda heç bir səfirliyi yoxdur. Yalnız Təbrizdə konsulluq səviyyəsində qismən fəaliyyəti var ki, bu da böyük təhlükə qarşısındadır”.
N. Miri əlavə edib: “Azərbaycan hələ də son qərarı ilə İrana müəyyən dərəcədə hörmətlə yanaşdığını ortaya qoymaq istəyir. Lakin İran bu dili anlamır, əksinə, 1979-cu ildə İslam bayrağı altında fəaliyyət göstərdiyi andan bəri bu dövlət yalnız güc dilini başa düşür.
Hesab edirəm ki, İranın istədiklərini ona vermək lazımdır. Söhbət İranla hər hansı bir qarşıdurma və müharibədən getmir, İranın belə bir şansı yoxdur. Çünki İranın Azərbaycana hücuma keçməsi və hərbi toqquşmanın başlaması İranda mövcud olan molla-fars rejiminin tamamilə məhvi ilə nəticələnəcək ki, yekunda da bu, iki Azərbaycanın birləşməsinə yol açacaq”.
Siyasi şərhçini fikrincə, bunu İranda bilənlər mövcuddur:
“Doğrudur, başqa fikirdə olan qafalar da mövcuddur ki, bu qafaların etdiyi səhv və irrasional addımların nəticəsində bu gün 2 dövlət arasındakı münasibətlər daha gərginləşir. İran indiki vəziyyətdə belə bir müharibəyə, xüsusilə də Azərbaycanı müdafiə etmək istəyən fövqəldövlətlərin fonunda dayanıqlı deyil. Onlar darmadağın ola biləcək vəziyyətə gəlib çıxa bilər. Belə bir potensial nəticə realdır və qətiyyən şişirtmə deyil”.
N. Mirinin qənaətin görə, indiki düşmənçilik fonunda ayrıca anti-Azərbaycan təbliğatı, ölkədə dövlət strukturları hakimiyyətini devirməklə hansısa qruplaşmaların maliyyələşdirilməsi və bu yöndəki fəaliyyətin start verilməsi nəticəsində Azərbaycan mütləq mənada İranla bütün münasibətləri kəsməlidir. Hətta iqtisadi-ticarət əlaqələri. Çünki bu yöndəki əməkdaşlıq heç də Azərbaycanın xeyrinə deyil:
“Bu gün zəhərlənmiş İran kartofunu almamaqla, Azərbaycan heç nə itirməyəcək. Azərbaycandan İrana gedən bütün Azərbaycan vətəndaşlarına qadağa qoyulmalıdır. Çünki İran bu gün Azərbaycan vətəndaşları üçün təhlükəsiz zona deyil.
Baxaq, bundan sonra İran daha bir dövləti iqtisadi-ticarət fonunda itirəndən sonra nə edəcək? Çünki Azərbaycandan sonra böyük qardaş Türkiyənin də İranla münasibətləri aşağı səviyyəyə endiriləcək.
Ona görə də bu yöndəki fəaliyyətin qarşısını almaqla baş verə biləcək alovlanmanı İranın daxilinə ötürmək lazımdır. Cənubi Azərbaycandakı mövcud siyasi təşkilat da bu yöndə birləşməli və onlar Azərbaycan dövləti tərəfindən dəstəklənməlidir.
Təəssüf ki, bu yöndə fəaliyyətimiz belə olmayıb. Ancaq bundan sonra heç nə gec deyil. Artıq biz ciddi fəaliyyət göstərməliyik. İran Azərbaycan daxilində qarşıdurma yaratmaq siyasəti yürüdülürsə, eyni şeyi bu ölkənin daxilinə ötürmək lazımdır”.