“Proseslərin pozitiv məcradan davam etdirilməsi üçün Vaşinqton görüşü şans idi. Aydındır ki, Vaşinqtondan birbaşa sülh gözləmək sadəlövlhük olardı, lakin açığı müəyyən gözləntilərimiz var idi. Cənab İlham Əliyev də dünən Şuşadan bəyan etmişdi ki, “Danışıqların bu raundu əvvəlkindən fərqlidir. Artıq bir neçə gün davam edib və ola bilsin ki, daha bir neçə gün davam edəcək. Bizim fikrimiz ondan ibarət idi ki, onlar müəyyən nəticələrə gəlməlidirlər, əks halda bu, böyük məyusluq olar”. Bildiyiniz kimi, elə dünən görüş başa çatdı və Vaşinqton danışıqlarının yekunu olaraq tərəflər “sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşdıqlarını, bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını bəyan etdilər. Təbii ki, detallar açıqlanmır, amma əslində dünən cənab İlham Əliyev Şuşada Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə direktoru Nigar Gökselin sualına cavab olaraq danışıqların hazırkı dönəmində düyün nöqtələrini açıqlamışdı - “Ermənistanla Azərbaycan arasında sülh razılaşmasına hansısa yollarla qondarma “Dağlıq Qarabağ”ı daxil etmək cəhdləri, yenidən bizim terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair təklifimizi rədd etmək cəhdləri, hamısı qaldı, yalnız separatizmin üstündən Ermənistan xətt çəkdi. Bu, o deməkdir ki, onlar yenidən Azərbaycanda separatizmə rəvac verəcəklər. Bu, bizim nikbinliyimizi azaltdı”. Təbii ki, danışıqlar üzrə pozitiv məqamlar yox deyil, məsələn, tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər”.
Sitat.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputatın sözlərinə görə, bir məqam da aydındır ki, Prezident İlham Əliyev yenidən sonsuz danışıqlar mərhələsində maraqlı deyil: “Cənab Prezidentin özünün ifadə etdiyi kimi, 2023-cü il faktiki olaraq Ermənistan üçün son şansdır - "Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Əlbəttə ki, Azərbaycan üçün də yaxşı olmayacaq”. Unudulmamalıdır ki, Ermənistandan fərqli olaraq Azərbaycanın alternativləri, riskləri aradan qaldırmaq üçün imkanları var. İrəvan isə bu imkanlardan məhrumdur. Digər tərəfdən, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsi ilə sülhə və təhlükəsizliyə təhdidləri aradan qaldırmaq hüququna malikdir. 44 günlük savaşda və sonrakı dövrdə cəza tədbirləri ilə cənab İlham Əliyev göstərdi ki, bizi heç kim dayandıra bilməz. Bu mənada Ermənistan daha ciddi düşünməlidir. Azərbaycan rəhbərinin dediyi kimi, “onlar başa düşməlidirlər ki, kimsə ermənilərin yerinə döyüşməyəcək””.
B.Məhərrəmov Vaşinqton danışıqları fonunda bir məqamı da xüsusi qeyd edib: “Söhbət Azərbaycan-Ermənistan münasibətlərindən gedir. Azərbaycanın Qarabağ iqtisadi rayonu və orada yaşayan erməni əsilli insanların taleyi müzakirə mövzusu deyil, bu, Azərbaycanın daxili məsələsidir. Müharibə başa çatdığı gündən Azərbaycan Prezidenti rəsmi şəkildə Ermənistana sülh təklif edir. Fransa, İran kimi dövlətlərin, eləcə də erməni diasporunun təhriki ilə yenidən revanşist xəyallara düşən Ermənistan isə heç bir əsas olmadan işğal dövrünün “status-kvo”sunu bərpa etməyə ümid edir. Amma bildiyiniz kimi, elə müharibədən sonra cənab İlham Əliyev Ermənistana da, havadarlarına da həmin “status-kvo”nun yerini göstərdi. Ermənistandan revanşist ritorikaya baxmayaraq Azərbaycan özünün milli maraqlarını rəhbər tutmaqla bütün mümkün platformalarda dialoqun tərəfdarıdır. Biz bu günə qədər Rusiya, Avropa İttifaqı və ABŞ-ın bu istiqamətdə səylərinin və praktik addımlarının şahidi olmuşuq. Bütün hallarda Azərbaycan danışıqlara bölgədə davamlı sülh naminə fürsət kimi yanaşıb. Ermənistan isə əksinə, mümkün pozitiv məqamlar yaranan kimi ya öz təşəbbüsü, ya da bir qayda olaraq Fransanın təhriki ilə platformalara zərbə vurub. Baxmayaraq ki, sülh qalib Azərbaycandan daha çox məğlub və dalana dirənmiş Ermənistana zəruridir. Xüsusən nəzərə alaq ki, bu günə qədər sülh müqaviləsinin ləngiməsi Azərbaycanın cari planlarını təxirə salmayıb - Ordumuz şərti sərhədlərdə möhkəmdir, Laçın-Xankəndi yolu üzərində sərhəd-buraxılış məntəqəsi qurulub, Zəngəzur dəhlizinin Azərbaycan hissəsi üzərində işlər sürətlə davam etdirilir. Lakin bütün hallarda post-münaqişə dövründə danışıqların faydasız olduğunu demək olmaz, Praqa və Soçidə Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib və bu, sənədlərdə əksini tapıb. Təbii ki, bu, vacib məqamdır, lakin həlledici xarakter daşımır”./Pravda.az