Hulusi Akardan növbəti müharibə anonsunu verdi: Paşinyan bilməlidir ki...

15:26 6 May 2023

Türkiyənin milli müdafiə naziri Hulusi Akar “TRT Worl”da dərc olunan “Qafqaz regionu: sülh və barışıq üçün unikal imkan” sərlövhəli məqaləsində yazıb ki, Azərbaycan-Ermənistan şərti sərhədində son vaxtlar yaşanan gərginlik narahatlıq doğurur.

Nazir regiondakı vəziyyətin kövrək olduğunu xatırladıb və yeni eskalasiya ehtimalının çox olduğunu bildirib.

Öncə onu deyək ki, nazirlərin bu cür məqalələri həm də çağırış və xəbərdarlıq xarakterlidir. H. Akarın məqaləsi də həm də bu baxımdan qiymətləndirilməlidir.
Nazir son vaxtlar baş verən gərginlikdən danışmaqla, sözsüz ki, Ermənistanın təkrarlanan təxribatlarına işarə vurub. O Ankaranın bu məsələyə biganə qalmadığını və proseslərin Türkiyənin nəzarətində olduğunu bildirib. Fikrimcə, İrəvan Akarın bu fikrindən dərs çıxarmalı və daha ehtiyatlı davranmalıdır.
Ermənistanın təxribatlarının yeni müharibəyə səbəb olma ehtimalı, əlbəttə, az deyil. Hər halda Azərbaycanım mövqeyi konkretdir və Ermənistan üçün kifayət qədər aydındır. İrəvan isə havadarlarının da təhriki ilə hərbi- siyasi təxribatları davam etdirməklə sülh gündəliyindən uzaqlaşmağa, ən azından vaxt qazanmağa çalışır. Əlbəttə, Azərbaycanın səbri sonsuz deyil. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistan sülh istəmirsə, biz də istəmirik.

Təşəbbüskar biz olsaq da, indi sülh Bakıdan daha çox İrəvana lazımdır. Bunun üç əsas səbəbi var. Birincisi, Ermənistan məğlub tərəf olmaqla yanaşı, həm də regionun "zəif bəndidir". İkincisi, revanşist ritorika, o cümlədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan boyun qaçırmaq Ermənistanı regional əməkdaşlıqdan məhrum edir. Üçüncüsü, Qərb və Rusiya arasında vurmuxmaq, "gah nala, gah mıxa vurmaq" Ermənistanın dövlətçiliyi üçün təhlükə yaradır. Əlbəttə, Ermənistan hərbi- siyasi rəhbərliyi bu məqamları nəzərə almalıdır.

2020- ci ildə baş vermiş 44 günlük müharibənin nəticələri hələ də Ermənistanda hiss olunmaqdadır. Ermənistan hərbi imkanlarını hələ bərpa edə bilmir. Siyasi cəhətdən "məngənədədir". Bu azmış kimi, cəmiyyət də hələ məğlubluq kompleksindən xilas olmayıb. Üzərindən üç il keçməsinə baxmayaraq, xalq hələ də müharibənin nəticələri ilə bağlı hakimiyyətə etiraz edir. Bunlar reallıqlardır. Və İrəvan bu reallıqları nəzərə almalıdır.
Ermənistanı destruktiv mövqe sərgiləməyə sövq edən tərəflər var. Onlar regiondakı gərginlikdə maraqlı olan güclərdi. Amma Ermənistan hakimiyyəti üçüncü güclərin diktəsini yox, öz gələcəyini düşünməlidir.

Növbəti müharibə, şübhəsiz ki, Paşinyana və onun komandasına sərt etmir. Ehtimal edilən eskalasiya Ermənistana baha başa gələ bilər. Hazırkı geosiyasi vəziyyət onu göstərir ki, bu gün İrəvanı gərginliyə şirnikləndirənlər onu axıradək dəstəkləyə bilməyəcəklər. Biz bunu İkinci Qarabağ müharibəsi vaxtı da görmüşdük. Amma savaş başlasa, Türkiyə o zaman olduğu kimi, yenə Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcək. Ona görə də Paşinyan yüz ölçüb, bir biçməli, addımlarında diqqətli və məsuliyyətli olmalıdır.

Siyasi şərhçi Kənan Novruzov xüsusi olaraq Sitat.info üçün



Xəbər xətti