Azərbaycan Respublikasının Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Şahin Mustafayev ilə İran İslam Respublikasının yol və şəhərsalma naziri, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyanın həmsədri Mehrdad Bəzirpaş arasında 17 iyul 2023-cü il tarixində İran İslam Respublikasının Astara şəhərində görüş keçirilib.
Sitat.info xəbər verir ki, görüş zamanı iki ölkə arasında regional və beynəlxalq nəqliyyat və kommunikasiya, o cümlədən enerji layihələri ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxaləndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsini məqsədəuyğun saymışlar.
Bununla bağlı, xüsusi ilə 11 mart 2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikası ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında” Anlaşma Memorandumun müddəalarının həyata keçirilməsi ilə bağlı tədbirlərin sürətləndirilməsi barədə razılaşıblar.
İki ölkə arasında nəqliyyat-kommunikasiyaların inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ilə bağlı, Astara yük terminalının tikintisinin gələn ilin sonuna qədər başa çatması, Astaraçay üzərində avtomobil körpüsünün gömrük və sərhəd infrastrukturunun yaradılmasının tezliklə tamamlanmasının zəruriyi bildirilmişdir.
Görüşdə, o cümlədən, enerji və su ehtiyatların istifadəsi ilə bağlı əməkdaşlıq məsələləri və layihələrin həyata keçirilməsinin vəziyyəti nəzərdən keçirilib.
Bu xüsusda, “Xudafərin”, “Qız Qalası” və “Ordubad-Marazad” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi layihələrinin tezliklə başa çatmaları ilə bağlı işlərin sürətləndirilməsinin vacibliyi qeyd edilmişdir.
Bu Kommünike, 17 iyul 2023-ci il tarixində, İran İslam Respublikasının Astara şəhərində Azərbaycan və fars dillərində qəbul olunub.