"Qadın müəllimlərin orta aylıq əmək haqqı ali təhsilli qadının orta aylıq əmək haqqının 90%-i, kişi müəllimin orta aylıq əmək haqqı ali təhsilli kişinin orta aylıq əmək haqqının 71%-i qədərdir. Bu fərq müəllim peşəsinə münasibətdə gender disbalansına təsir edən ilk amil olaraq qiymətləndirilə bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, son onillikdə müəllim peşəsinin “feministləşdirilməsi”ni bir danılmaz fakt olaraq qeyd edə bilərik: "Nümunə olaraq tədqiqat aparılan bütün ölkələrdəki qadın müəllimlərin orta payının 2005-ci ildəki 61%-dən 2014-cü ildəki 68%-ə qalxması göstərilir. Bu artım ABŞ və Sloveniyada 1% təşkil edirsə, Almaniya, Yaponiya və Yunanıstanda 15% təşkil edir. Lakin təhsildə qadın müəllimlərin sayı nə qədər çox olsa da rəhbər vəzifədə işləyən qadınların sayı bir o qədər çox deyildir. Gender disbalansının başqa bir tərəfi olaraq təhsilin müxtəlif səviyyələrindəki vəziyyət də qeyd edilir".
Ekspert vurğulayıb ki, təhsil səviyyəsi yüksəldikcə qadın müəllimlərin ümumi payı da azalır: "Belə ki, məktəbəqədər təhsildə qadın müəllimlərin payı 97%, ibtidai təhsildə 82%, orta təhsildə 63% və ali təhsildə 43% təşkil edir. Tədqiqat nəticələrindən də aydın olur ki, araşdırma aparılan ölkələrdə qadın müəllimlərinin payının ən çox olduğu yaş 30 yaşa qədər olan aralıqdır. Bu statistika gələcəkdə təhsildə gender disbalansının daha da artacağını proqnozlaşdırmağa imkan verir".
K.Əsədovun apardığı tədqiata görə Rusiyada 2018-ci ildə idarəçilikdə olan qadınlar 78% təşkil edirdisə, 2022-ci ildə bu 88% olub: " Amma kişi müəllimlərin azlığı təkcə məvacibin azlığı ilə məhdudlaşmır. Təhsilalanların sağlamlığı və onlara görə məsuliyyət, psixoloji gərginlik, əxlaq normaları və ən əsası yeniyetmələrin təlim və tərbiyəsinin keyfiyyəti ilə bağlı öhdəliklər kişiləri bu peşəni seçməzdən əvvəl düşünməyə vadar edir. 2020-cü ildə Rusiyada orta aylıq qadın müəllimin maaşı orta aylıq kişi müəllimin maaşından 24% az olmasına baxmayaraq bu kişilər üçün müəllim peşəsinin seçilməsində stimul olmayıb. . Araşdırmanın sonunda bu qənaətə gəlirəm ki, tarixin bütün dövrlərində genefondun və ənənələrin qoruyucusu hesab edilən qadın, bu gün də təhsildə bərqərar olub".
Ayna,
Sitat.info