Yanvarın 6-da Fransa xarici işlər naziri Ketrin Kolonna ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Nazirlər regional məsələləri müzakirə ediblər.
K.Kolonna bildirib ki, regional münaqişə riski heç vaxt bu qədər yüksək olmayıb.
O, İranı sabitliyi pozan hərəkətlərdən çəkinməyə çağırıb və deyib ki, eskalasiyanın kimsəyə faydası yoxdur.
Məsələ ilə bağlı Sitat.info-ya açıqlama verən siyasi şərhçi Kənan Novruzov da bildirdi ki, Yaxın Şərqdəki müharibənin genişlənməsi ehtimalı kifayət qədər böyükdür: "Bu barədə əvvəllər də demişik. Əsas səbəb odur ki, Yaxın Şərqdə fiziki olaraq HƏMAS-la İsrail müharibə getsə də, əslində proseslərin inkişafında maraqlı olan aktorların sayı daha çoxdur. ABŞ, Fransa, Rusiya, İran, Türkiyə kimi böyük güclərin hər birinin Yaxın Şərqlə bağlı öz prioritetləri var. Bu dövlətlər maraqlarını təmin etməkdən ötrü hazırkı fürsətdən istifadə edirlər. Bu isə savaşa bu və ya digər formada müdaxilə ilə nəticələnir. Sözsüz, hətta səslənən bəyanatlar belə, proseslərə bu və ya digər formada təsir edir".
K.Novruzov əlavə etdi ki, bu qədər gərginliyin fonunda İran prezidentinin də hədələyici tonda çıxış etməsi ciddi təhdiddir: " İrandakı terror aktından sonra ölkə prezidenti İbrahim Rəisi bu işdə əli olanlara xəbərdarlıq etmiş, qisasın alınacağını bildirmişdi. Bu, əlbəttə, ciddi hədədir.
Əvvəl də dediyimiz kimi, İrandakı terror aktında İsrailin əlinin olduğu ağlabatan görünmür. Səbəblərini əvvəl söyləmişik. Sadəcə olaraq indi onu bildirək ki, çox güman, İranı müharibəyə çəkmək istəyən, Tehranı Təl - Əvivlə üz - üzə qoymaq istəyən güclər var".
Siyasi şərhçinin fikrincə, İranın qıcıqlandırılması da böyük ehtimalla bu dövləti müharibəyə çəkmək üçün atılmış addımdır: "Rəisinin açıqlamasından sonra Fransa və İran XİN başçılarının telefon danışığı diqqət çəkir.
Qərb dövlətləri da başa düşürlər ki, İran müharibəyə sürüklənir. Bu gün rəsmi Tehran saatla işləyən bomba kimidir. Hər ötən saniyə böyük eskalasiya riskini daha da artırır. Qərb isə bunu görə - görə İranın "damarına basmağa" davam edirlər. Maraqlıdır ki, İranı eskalasiyanın genişlənməsində ittiham edənlər əslində həm də təxribata rəvac verənlərdir.
Tehran hələ ki, soyuqqanlı davranacaq. Türkiyə və Rusiya da çalışacaq ki, İran müharibəyə qoşulmasın. İranın hərbi toqquşmada birbaşa iştirakını yaxın gələcək üçün inandırıcı hesab etmirəm. Amma əgər bu olarsa, indikindən qat- qat böyük siyasi xaos başlayacaq".
Türkan,
Sitat.info