Ayfon yağışı, yoxsa vəhşi sevgi?

13:47 18 Aprel 2022

Dünən bütün sosial şəbəkələr yalnız şəhərdəki “Ayfon yağışı izdihamı” paylaşımları ilə alışıb-yanırdı. “Park Bulvar” ticarət mərkəzində baş tutan bloger Hüseyn Həsənovun fanatları ilə görüşü özünün dediyi kimi, ən irimiqyaslı məşhur-fanat tədbiri oldu. Bloger bu izdihamı insanların ona olan sevgisi ilə əlaqələndirsə də, “Park Bulvar”dakı mənzərə heç də “sevgi” kimi görünmürdü.

Bir-biirnin üstünə çıxan insanlar, tapdaq altında qalan qadınlar, enerjisi püskürən vəhşi yeniyetmələr – mənzərə çox dəhşətli idi. Bəlkə bə bu hadisə ABŞ-ın, tutalım, Çikaqo şəhərindəki konsert zamanı olsaydı, başqa cür yanaşardıq, amma burada söhbət insanların musiqiyə, sənətə sevgisindən getmir, bircə pulsuz telefon qazanmaq şansından gedir.

Təbii ki, yeniyetmələr arasında Hüseyn kimi varlı məşhurlara yalnız bahalı həyat tərzinə görə pərəstişkarlıq edənlər, hansısa mənada sevgi bəsləyənlər var, bu da həmin yaşda yaranan gənc maksimalizmindən irəli gəlir; Təbii ki, hər yanda reklam olunan bahalı həyat tərzi çoxunun xəyalına çevirilir, o yeniyetmələr də sadəcə həmin axının qurbanlarıdır. Gənclər öz həyatını zəhmət çəkib ideyası uğruna çalışan insanların həyatı ilə deyil, smartfonlarında gördükləri blogerlərin asan və problemsiz həyatı ilə qarşılaşdırıb, özlərində kompleks yarada bilərlər, bu da natamamlıq sindromu, aşağı özgüvən və hətta depressiyaya səbəb ola bilər. Hər halda bu məsələ yeni nəslin sağlam yetişməsinə heç də töhfə vermir.

Keçək digər problemə. Dünəndən səs-küyə səbəb olan və bütün “bəlaların” səbəbi “Ayfon yağışına”.

İnstaqram sosial şəbəkəsində 21,1 milyon izləyicisi olan bloger elə bu cür pul-para yağışı ilə tanınıb. O, Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı əsilli iş adamının ailəsində anadan olub. Valideynləri restoran biznesi ilə məşğuldurlar.

Blogerliyə bahalı maşınlarını gülməli videolara, yəni vaynlara çəkməklə başlayıb, “kasıb idim, çalışdım, varlandım” adlı hamıya tanış olan yalançı bir hekayə ilə bir neçə il ərzində bahalı həyatını dayanmadan reklam edir. Bahalı geyim, ev, maşın və qadınlar həmin həyatın əsas atributlarıdır.

Amma Hüseyn öz həmyerlilərini də unutmur, Bakıya tez-tez gəlib kiməsə telefon hədiyyə etməklə həm öz ürəyiaçıqlığını göstərir, həm də prosesi videoya çəkməklə milyonlarla baxış toplayır və əsas məsələ - pul qazanır.

“Ayfon yağışını” bir dəfə 2018-ci ildə pərəstişkarları ilə görüşündə yağdırmışdı, həmçinin keçən il yoldan keçən tələbəyə də “Ayfon 12” hədiyyə etmişdi. O zaman da bu cür izdiham yaranmışdı, yalnız budəfəki sürü dəhşəti daha irimiqyaslı idi. Elə bu səbəbdən də yazıq Hüseyn zombiləşdirilmiş həmyerlilərini müftə telefonlarla sevindirə bilmədi. Çəkdiyi video isə 2 saat ərzində 2 milyon baxış toplayıb, bu da reklamların çoxalması və yenə də pul deməkdir.

Nəticə olaraq demək lazımdır ki, bu qədər insanın yalnız telefona görə toplanmaqları çox acınacaqlıdır. Təbii ki, telefon ucuz deyil, hər gənc onu ala bilməz, amma sözün əsl mənasında abırdan çıxmaqla bu “lotareyaya” qoşulmaq böyük ağılsızlıqdır. Gənclər arasında bunu hələ də bilməyən “yüzlərləsi” var?

/Axar.az



Xəbər xətti