Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın təcavüzünə qarşı başladığı əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da Zəfərlə başa çatdı. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
2020-ci il noyabrın 25-də üçtərəfli razılaşmaya əsasən Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Kəlbəcərin 27 illik işğalına son qoyuldu.
Tarixi torpaqlarımızın işğaldan azad olması, hər bir azərbaycanlıda qürur və sevinc hissi yaratdı, torpaq həsrətinə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, müzəffər ordumuzun qətiyyətli və qorxmaz olması, xalqımızın birliyi sayəsində son qoyuldu.
Amma mənfur düşmənlərin həmin əraziləri viran etməsi, mina yerləşdirilməsi və s. səbəblər həmin ərazilərə tezliklə getməyə can atan həmyerlilərimizdə məyusluq yaratdı. Həmin əraziləri görmək imkanı qazananlar isə öz evlərinin, məktəblərinin viran olunmasına inana bilmirdilər. Bu gün isə Kəlbəcərin Başlıbel kəndində baş verən qətliamın 29-cu il dönümüdür.
Başlıbel faciəsi 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunanda baş verib. Bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndinin 73 nəfər sakini evlərini vaxtında tərk edə bilmədilər. Aprelin 2-də kənd sakinlərinin bir qrupu mühasirədən çıxmağa çalışsalar da, buna nail ola bilməyiblər. Bu zaman sakinlərdən 9 nəfər yolda qətlə yetirilib, 5 nəfər girov götürülüb. Digər 62 nəfər isə dağlara çəkilərək kahalara sığınmaqla özlərini qorumağa çalışıblar.
Bu günlərdə bir qrup Başlıbel sakini faciənin ildönümü ilə bağlı həmin kəndə gediblər.
Onların arasında “Yeni Müsavat” qəzetinin siyasət yazarı Etibar Seyidağa da olub. Kəlbəcərdən dönən jurnalist təəssüratlarını SİTAT.İNFO ilə bölüşüb.
“29 il 16 gün sonra 16 yaşına qədər yaşadığım doğma Başlıbel kəndini ziyarət etmək qismət oldu. Bu həsrətə son qoyduqlarınaa, torpaqlarımızı işğaldan azad etdiklərinə görə şəhidlərimizə Allahdan rəhmət diləyirəm, biz onların borcunu ödəyə bilmərik. Allah Ali Baş Komandanımızı qorusun, ordumuza qüvvət versin.”
Kənddə yerləşən 300-ə yaxın evdən heç birinin salamat qalmamasından heyrətlənən Etibar Seyidağa deyir ki, hətta divarlar, daşlar da yandırılıb: “Bütün evlər dağıdılıb, yandırılmışdı. O evlərdən geriyə yalnız daşları qalmışdı. Hətta o daşlar belə yanmışdı. Bağlar dağıdılmış, meyvə ağacları yandırılmışdı. Kəndin infrastruktru dağıdılmış, orada olan böyük məktəbdən əsər-əlamət qalmamışdı. ATS binası, mədəniyyət klubu da yandırılanlar içərisində idi. O kənddə zərər görməmiş heç nə yox idi.”
Jurnalistin sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə necə divan tutduqları orda daha aydın görünür: “18 aprel Başlıbel qətliamının 29-cu il dönümüdür. Biz həmin qətliamın baş verdiyi əraziyə getdik. Başlıbel kəndindən təxminən 3 km yüksəklikdə yerləşən ərazidir. Həmin mağaralarda olduq və qətliam zamanı erməni silahlı birləşmələrinin qətlə yetirdiyi şəhidlərimizin məzarlarını ziyarət etdik. Mağaranın önündə 12 nəfərin bir, 1 nəfərin isə ayrılıqda məzarı var. Həmin 1 nəfər qətliamdan əvvəl həlak olub. Çox dəhşətli, acılı mənzərə idi. Mağarada 29 il bundan əvvəl qorunmaq üçün ora sığınan insanların məişət əşyaları, qanlı paltarları hələ də qalırdı”.
Ayaqlarımda taqət qalmadı, yeriyə bilmədim...
Etibar Seyidağa ən çətin anlarını məhz böyüyüb boya-başa çatdığı evlərinin xarabalıqlarını görərkən yaşayıb: “Bizim evimiz Başlıbel kəndinin girişindədir. Kəndə daxil olanda jurnalistlər dedilər ki, kəndin ümumi mənzərəsini götürək. Onda mən gözləyə bilmədim ki, avtomobil evimizin qabağından keçəndə ora baş çəkərəm. Təxminən 200-300m məsafəni mən qaça-qaça gəldim. Evimizi görəndə artıq taqətim qalmadı, dizlərim büküldü, elə bil boşluğa düşdüm, ayaq üstə dayana bilmədim. Sözlə ifadə olunmayan bir psixoloji sarsını keçirtdim sanki. O an keçirdiyim hisləri indi sözlə təsvir edə bilmirəm. Tamamilə qeyri-adi mənəvi-psixoloji gərginlik altında idim. Bir tərəfdən sevinirəm ki, doğma yurdum artıq azaddır, bir tərəfdən də pis oluram ki, həmin kənd bu gün çox pis vəziyyətdədir. Başlıbel kəndində keçirdiyim 16 ilim bir film lenti kimi gözlərimin önündən keçdi. Çox qəribə hislər yaşayır adam...”.
Safura Bənnayeva
SİTAT.İNFO