Müasir dövrdə insanlar boş vaxtlarını sosial şəbəkə, televizor və ya oyunlarla doldurur. Lakin bunlar həm vaxt itkisi, həm də beyin yoran vərdişlərdir. Təbii ki, internet vasitəsi ilə məlumat alanlar, bir çox yenilikləri öyrənən və tətbiq edənlər də az deyil. Lakin dövrün ən böyük əksikliyi olaraq kitablara olan marağın azalmasını görürəm. Mütaliə insanlara hər zaman bilik əldə etmək, yeniliklər öyrənmək, düzgün oxu və yazı qabiliyyətləri, həmçinin sürətli oxu vərdişinin güclənməsinə kömək etmişdir. Mütaliə, yəni oxumaq, insanın bilik və mədəni səviyyəsini artıran vacib fəaliyyətlərdən biridir. Mütaliə edən insan daha çox şey öyrənir, kitablar onu müxtəlif həyatlarla , talelər ilə tanış edir.
Mütaliə üçün vaxt məsələsi əsas əhəmiyyət kəsb edən amildir. Nədənsə asudə vaxtının demək olar ki, çoxunu mənasız şeylərə sərf edən insan həmin vaxtın hər gün bir saatını mütaliəyə ayırmır. Boş zamanını adətən telefonda və televiziya verilişlərinə baxmaqla keçirən insan gün ərzində heç olmasa bir saatını kitab oxumağa ayırsa, bir çox müsbət keyfiyyətlər qazanmaqla yanaşı vaxtını dəyərləndirmiş olar. Müxtəlif dillərdə oxumaq isə insanın həmin dillərdə söz ehtiyatını və dil qaydalarını daha yaxşı mənimsəməsinə səbəb olur. Bu da şəxsin nitq və yazı bacarıqlarını artırır. Düşünmə, analiz etmə və problem həll etmə bacarıqlarının inkişafına səbəb olur.
Mütaliənin Faydaları
1. Stressin Azaldılması: Oxumaq, zehni sakitləşdirir və stress səviyyəsini azaldır. Maraq doğuran bir kitabı oxumaq, insanı gündəlik problemlərdən uzaqlaşdıraraq ona sakitləşmə imkanı verir.
2. Empatiya Bacarığının Artırılması: Müxtəlif personajların həyatına və onların qarşılaşdığı çətinliklərə şahid olmaq, insanın empatiya bacarığını artırır. Mütaliə edən özünü personaj, oxucuların yerinə qoyur və başqalarının duyğularını daha yaxşı anlamağa başlayır.
3. Yaddaşın Gücləndirilməsi: Mütaliə zamanı müxtəlif personajların adlarını, hadisələrin cərəyan etmə yerlərini və s. yadda saxlamaq lazım gəlir. Bu isə yaddaşın güclənməsinə səbəb olur.
4. Kreativliyin Artırılması: Mütaliə yeni ideyaların yaranmasına, fərqli düşünmə bacarıqlarının inkişafına səbəb olur. Xüsusilə bədii ədəbiyyat oxumaq, insanın təsəvvür gücünü artırır. Hər hansı bir tarixi dövrü və ya psixoloji vəziyyəti tərənnüm edən əsəri mütaliə edərkən oxucu, obraz və personajları düşüncə tərzinə görə yaradıb, rənglərə boyayır, bəzən isə hadisələrin gedişatına tamamən özü istiqamət verir. Bu isə insanın hadisələrin mahiyyətinə nüfuzetmə qabiliyyətini artırır.
Mütaliə vərdişini inkişaf etdirmək üçün müəyyən vərdişlər qazanmaq lazımdır.
1. Planlı Oxumaq: Gündəlik və ya həftəlik oxuma planı hazırlamaq və bu plana uyğun hərəkət etmək mütaliə vərdişinin inkişafına kömək edir.
2. Marağa Uyğun Kitablar Seçmək: İnsanların maraq dairəsinə uyğun kitablar oxumaq, mütaliə prosesini daha maraqlı və davamlı edir.
3. Oxuma Mühiti Yaratmaq: Sakit və rahat bir mühitdə oxumaq, mütaliə prosesinin keyfiyyətini artırır.
4. Kitab Klublarına Qoşulmaq: Kitab klublarına qoşulmaq, oxuduğun kitablar haqqında başqaları ilə müzakirə aparmaq və yeni kitab tövsiyələri almaq şansı qazandırır və mütaliə vərdişini gücləndirir.
Mütaliəni sevən bir kitab həvəskarı olaraq deyə bilərəm ki, mütləq şəkildə oxuduğunuz kitablarla öz şəxsi kitabxananızı qurmağa çalışın. Çünki kitablar nə qədər göz önündə olarsa, sizi oxumağa bir o qədər həvəsləndirər. Kitabxana elə bir xəzinədir ki, gün keçdikcə onu daha da zənginləşdirmək istəyirsən və həmin kitablar evin bir hissəsində, öz şəxsi kitabxananızda olduğu zaman daim diqqətinizdə qalır, onu yenidən oxumaq istəyirsiniz. Hazırda hətta demək olar ki, bütün kitabların elektron versiyasını da tapmaq mümkündür. Bu da hər kəsə kitab yanında olmasa belə və ya yolda olduğunuz halda həm PDF variant olaraq oxuma, həm də səsli kitab olaraq dinləmək imkanı verir.
Mütaliə, insanın intellektual və emosional inkişafında əvəzolunmaz rol oynayır. Planlı və davamlı mütaliə, şəxsin həyatına zənginlik qatır, onu daha bilikli və anlayışlı bir fərd edir. Mütaliənin faydalarını nəzərə alaraq, hər kəsin həyatında mütaliəyə yer verməsini vacib hesab edirəm.
Lalə Bəşirova
Sitat.info