Bu xəstələr üçün paketlər hazırladıq – Tibb mütəxəssisi

13:09 20 Aprel 2022

Axar.az Türkiyənin beynəlxalq səhiyyə xidmətləri və sağlamlıq turizmi sahəsində ilklərə imza atmış "Globaly Health" Şirkətinin direktoru Fedakar Günsilinin Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Fədakar bəy, ötən gün “Qlobal sağlamlıq kartı”nın tanıtım mərasimi keçirildi. Bu kartın özəllikləri nədir?

- "Globaly Health" sağlamlıq şirkəti olaraq “Qlobal sağlamlıq kartı”nı hazırladıq. Kartın istifadə müddəti bir illikdir və iki növü var: platin və vip kart. Platin kartımıza 4 həkim müayinəsi və 4 detallı analiz daxildir. VİP kartımıza isə 6 həkim müayinəsi və 6 detallı analiz daxildir. Bu analizlər arasında 37 növ qan analizi, tomoqrafiya, ultrasəs müayinələri daxildir. Kartın məqsədi xaricdən gələn qonaqların Türkiyədə səhiyyə xidmətlərinin qarşılanmasıdır. İnsanlar kartı aldıqdan sonra Türkiyədə hər hansı regionda heç bir fəqi olmadan sağlamlıq sığortası ala bilir. Kart müxtəlif çeşidli xəstəxanalarda - Medicana, Li Hospital, Gazi Üniversitesi, Hacettepe Üniversitesi kimi xəstəxanalarda da keçərlidir. Ümumiyyətlə, 100-dən çox xəstəxana, 80-dən çox şəhərdə müqaviləmiz var. Belə düşünün, Azərbaycandan hansısa tələbə Türkiyəyə təhsil almağa getdiyi zaman bu kart sayəsində bir il ərzində sağlamlıq sığortasına sahib olur. Ehtiyacı olduğu halda bir il ərzində kartdan faydalana bilir.

- Kartdan kənar şəxslər faydalana bilərmi?

- Yalnız birinci dərəcəli ailə üzvləri kartdan istifadə edə bilər. Ana, ata, həyat yoldaşı, uşaqlar kartdan faydalana bilər. Bacı, qardaş istifadə edə bilməz, onlar ayrıca kart almalıdır. Məsələn, 6 nəfərlik bir ailə 1250 dollar xərci qarşılayan kartla bütün müayinələrdən rahatlıqla keçə bilərlər. Normalda Türkiyədə 1250 dollara 6 nəfərin bütün müayinələrdən keçməsi mümkün deyil. Bu da əlavə bir avantajdır.

Beynəlxalq sağlamlıq turizmi ilə məşğul olanlar var. Xarici vətəndaş ölkəyə gəldiyi zaman əcnəbi olduğu üçün tibbi müayinələrə yüksək məbləğ ödəyir. Biz belə yüksək ödəmənin qarşısını almaq üçün bu addımı atdıq.

Bununla yanaşı “Onkoloji kart” və “Kids kart” adı altında xərçəng xəstələri və uşaqlar üçün keçərli olan ayrıca paketlər hazırladıq.

- Təşkilatınız nə zamandan fəaliyyət göstərir? Hansı ölkələrdə işləyirsiniz?

- Biz ərəb ölkələrinin çoxunda fəaliyyət göstəririk. Azərbaycanla yanaşı, İordaniya, Sudan, İraq, İran, Somali, Cibuti, İngiltərə, Almaniya, Hollandiyada 10 ildir ki, fəaliyyətdəyik. 15 ilə yaxındır ki, bu sektordayıq. Qərara aldıq ki, insanlar xaricə səfər etdiyi zaman güvənilən xidmətdən faydalansınlar. Kartın təqdimatına da ilk olaraq Azərbaycanda başladıq. Kartın üstünlükləri çoxdur. Yaxın zamanda “Qlobal sağlamlıq kart”ı İraq bazarında və digər ölkələrdə də təqdim olunacaq.

- Kartı necə əldə etmək olar?

- Azərbaycanda ofisimiz açılacaq. Kart həm virtual, həm də fiziki olaraq istifadəyə veriləcək. İnsanlar bu kartları xəstəxanalarda, mərkəzi ofisimizdən, turizm agentliklərindən əldə edə biləcəklər. Vətəndaşlar eyniylə onlayn alış-verişdəki kimi kartı sifariş verib, balansını artıra biləcəklər.

- İstərdik bir az da oxucularımıza ixtisasınız barədə məlumat versəniz...

- Mən əslində həkim deyiləm. Bakalavr təhsilim kompüter mühəndisliyidir. Magistratura və doktorantura təhsili alaraq həkimlik peşəsinə yiyələnmişəm. 10 ildir ki, özümə aid xəstəxanam var, yüzlərlə həkimlə birlikdə işləyirəm.

Xüsusilə də ürək-damar xəstəlikləri, sağlamlıq turizmi, ürək-damar cərrahiyyəsi sahəsi üzrə fəaliyyət göstərirəm.

- Dünyada ürək-damar xəstəliklərindən dünyasını dəyişənlərin sayı digər xəstəliklərlə müqayisədə daha çoxdur. Mütəxəssis kimi bunu nə ilə izah edərdiniz?

- Təəssüf ki, pandemiya davam edir və bununla əlaqədar COVID-ə yoluxanlarda ciddi problemlər özünü göstərməyə başladı. Xüsusilə də, vaksinin bu fəsadları artırdığı düşünülür. Vaksinin ürək-əzələ iltihabına səbəb olduğu iddia olunur. Buna görə də insanların vaksin olunmazdan əvvəl və sonra ümumi müayinədən keçməsini tövsiyə edirik. Əgər 2, 3 doza vaksin olunmusunuzsa, mütləq ildə bir dəfə ümumi müayinədən keçməlisiniz. Çünki vaksin hər kəsdə fərqli təsirlər qoya bilər.

- Ürək-damar xəstəliklərinin əsas səbəbləri nələrdir? Bu xəstəliklərdən qorunmaq üçün hansı addımları atmaq lazımdır?

- Burada sağlam həyat tərzi çox vacibdir. İstehlak etdiyimiz qidalara çox diqqət etməliyik, idmanla məşğul olmalıyıq. Ürək problemləri təbii ki, genetik olaraq da insana keçir. Amma davamlı olaraq zərərli qidalar istehlak etsəniz ürək-damar problemlərinə dəvətnamə göndərmiş olarsınız.

- Müsahibələrinizin birində türk cəmiyyətinin 35 faizinin potensial ürək xəstəsi olduğunu bildirmisiniz, bu nəticəyə necə gəlmisiniz, əsas səbəblər nələrdir?

- Pandemiyanın başlaması ilə ürək xəstəliklərinin sayında ciddi artım qeydə alındı. İnsanlar evə qapalı qaldılar, idmanla məşğul olmadılar, zərərli qidalar qəbul etdilər, üstəlik, vaksinin də yan təsirləri burada öz izini buraxdı. Ürək xəstəlikləri ciddi problemdir və müəyyən yaşdan sonra müalicəsi yoxdur. Məsələn, hansısa orqanınızda problem olduqda müalicə ilə aradan qaldırmaq olursa, ürək xəstəliklərində ömür boyu dərman qəbul etməli olursunuz.

- Hansı tədbirlər görməklə infarkt, insult və ölüm riskini azalda bilərik?

- Yalnızca sağlam həyat tərzi və idmanla qarşısını almaq olar. Hərəkət ürək xəstəliklərinin düşmənidir. Mümkün olduqca yağsız qidalar qəbul edilməli, aktiv həyat tərzi olmalıdır.

- Ötən 2 il ərzində COVID-19 ən çox hansı xəstələr üzərində daha ağır şəkildə özünü göstərdi?

- Ən çox ürək və xərçəng xəstəliklərindən əziyyət çəkənlər ciddi problemlər yaşadılar. Xüsusilə də daha əvvəl əməliyyat olunan, ağciyər xərçəngi, ürək çatışmazlığı olan insanlarda ciddi problemlər qeydə alındı.

- Yaz-yay ayları allergik halların ən çox müşahidə olunduğu dövrdür. Siz də müsahibələrinizin birində allergiyaları müəyyən etmək üçün xüsusi testlərin aparıldığını qeyd etmisiniz. Bu testlərin digərlərindən fərqi nədir? Kimlər üzərində tətbiq olunur?

- Xüsusilə də yaz fəslində allergik reaksiyalar özünü daha aktiv göstərir. Öskürək, göz yaşarması, qaşıntı və s. əlamətlərlə özünü biruzə verir. Bədəndə allergik təsirlərin müəyyən edilməsi üçün aparılan testlər var. Bizim 300 maddəni özündə əks etdirən testlərimiz var, çay, şokolad, qəhvə, buğda kimi allergik reaksiyaları özündə cəmləşdidir. Bu testlərdə aşkarlanır ki, bu qidalardan uzaq durun. Eyni zamanda bu qidalardan uzaq duraraq həzmsizlik problemini də aradan qaldıra bilərsiniz. Buna görə də hesab edirəm ki, hər kəs allergiya testi etdirməlidir.

- Xəstəliklərin cavanlaşmasını da, sayının artmasını da əksər hallarda qidalanma, yanlış həyat tərzi, oturaq rejimlə əlaqələndirirlər. Bəzən çox sağlam həyat tərzi keçirən insanlar da qəfil ürək tutmasından vəfat etdiyini eşidirik, buna səbəb nədir?

- Bu, tamamilə genetik faktorlarla əlaqədardır. Ailənizdə ürək problemi olan biri varsa, 60-70 faiz həmin problemin sizdə də aşkarlanması ehtimalı var. İndi texnologiya inkişaf edib, genetik testlərlə sizin genetik xəritəniz hazırlanır və bununla infarkt keçirmə riskiniz də hesablanır. Yaxud da ölümünüzün hansı səbəbdən olacağı bu yoxlanış vasitəsilə aşkarlana bilir. Ürək-damar xəstəlikləri yalnız genlərimiz deyil, həm də həyat tərzimizə bağlı problemdir.



Xəbər xətti