Polis bu binaya yenə basqın etsin: nəticə olacaqmı? – VİDEO

15:37 20 Aprel 2022

Bir müddət öncə mediada narkomanların yığışdığı bina ilə bağlı görüntülər yayılmışdı. Görüntülərin dərhal ardından DİN hərəkətə keçdi – bina təmizləndi, narkomanlardan saxlanılanlar, həbs edilənlər də oldu. Ancaq ötən gün ATV-nin yaydığı materialdan aydın oldu ki, binanı yenə narkomanlar "ələ keçirib".

DİN yenə binada reyd keçirsə, təmizləsə, narkomanları həbs etsə, iş bitəcəkmi? Axı bir dəfə şahidi olduq ki, nəticə olmur. Demək, polisin reyd keçirməsi, həbsləri yeganə çıxış yolu deyil.

Axar.az mövzu barədə sosioloq və narkomaniya üzrə ekspertlərin fikirlərini öyrənib.

Sosiloq Ağasəlim Həsənov bildirib ki, polisin bu məsələdə atdığı addım öz vəzifəsi baxımından doğrudur:

“Qanun polisə bundan başqa addım atmağa imkan vermir. Əlbəttə, bu, məsələnin tam həlli deyil. Sosial iş mütəxəssisləri tərəfindən narkomaniyaya yeni aludə olmuş gənclər və yeniyetmələr arasında sistemli iş qurulmalıdır. Qərb təcrübəsində də bu var. Daimi olaraq mütəxəssislər QHT-lərin dəstəyi ilə bəlli ünvanlarda narkomanlar arasında maarifləndirmə işləri aparırlar. Bunun çox müsbət nəticəsi olur. Həmçinin tibbi baxımdan həmin şəxslərin müalicə mexanizmi də təkmilləşdirilməlidir. Başqa ölkələrin sosiloji tədqiqatlarına dayanaraq deyə bilərik ki, bu işin sistemli şəkildə həyata keçirilməsi ən yaxşı metoddur. Bundan başqa çıxış yolu da yoxdur. Hər sahənin mütəxəssisinin narkomaniyaya baxış bucağı fərqlidir. Ona görə də sosioloqlar, polislər, həkimlər bu sahədə koordinasiyalı işləməlidir”.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov isə deyib ki, narkotik istifadəçilərində bir neçə istifadədən sonra kəskin ağrılar yaranır:

“Biz nə etsək də, ağrı olduğuna görə aludəçi narkotiki vuracaq. Bu insanlara müalicə lazımdır. Müalicə məsələsi, demək olar, ölkəmizdə yox dərəcədədir. Bakıda 380 nəfərlik müalicə yerimiz var. Paytaxtda 4-5 min narkoman varsa, 380 yer bəs etmir. Sumqayıtda min nəfər narkoman varsa, 28 yerlik müalicə müəssisəsi var. Bu da kifayət deyil. Azərbaycanda 5-6 narkoloji dispanser var. Əslində bu say minimal 50-60 olmalıdır ki, insanlar vəziyyətdən çıxa bilsinlər”.

Ekspert bildirib ki, məsələ bununla da bitmir. Narkomanların 90%-i dispanserdə fiziki asılılıqdan çıxırsa, sonra yenidən istifadəyə başlayır:

“Burada səbəb psixoloji asılılıqdır. Ən böyük problemimiz də məhz budur. Psixoloji asılılıqdan çıxmaq üçün reabilitasiya mərkəzləri olmalıdır. Bu da bizdə yoxdur. Əslində özəl sektorlar var, lakin burada 1 aylıq müalicə 1500 manatdan başlayır. Aludəçi minimum 3 ay, maksimum 1 il müalicə almalıdır. Hansı narkomanın müalicə üçün 10-20 min manatı var? Bununla bağlı aidiyyəti qurumlara təkliflər də vermişik”.

Ekspert onu da qeyd edib ki, narkotik istifadəçisi artıq potensial “bariqa”, narkotacirdir, həmçinin cinayətkardır:

“Çünki onlar şprisdən düzgün istifadə etmədiklərinə görə QİÇS, hepatit və digər dəri zöhrəvi, viruslu xəstəlikləri yayırlar”.



Xəbər xətti